BAKI, 7 may. TELEQRAF
Hindistan Pakistana qorxaqcasına hücum etmək üçün gecənin qaranlığından istifadə elədi, amma Silahlı Qüvvələrimiz ona layiqli cavab verdilər.
Teleqraf xəbər verir ki, bunu Pakistan Baş nazir Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Pakistan ordusu düşmən təyyarələrini vurmağa həmişə hazırdır.
“Beş gün əvvəl Hindistan (Fransadan) “Rafale” reaktiv təyyarələri almasından öyünürdü və bu təyyarələr orada döyüşə hazır vəziyyətdə uçurdular, amma bizim hava qüvvələrimiz də hazır idi”.
Şahbaz Şərif sürətli və operativ cavaba görə Hərbi Hava Qüvvələrinin rəisi Zahir Babara təşəkkür edib və onu təbrik edib: “Onlar Hindistan təyyarələrini geri çəkilməyə məcbur etdilər”.
Baş nazir əlavə edib ki, 80 Hindistan təyyarəsi ötən gecə Pakistanın altı şəhərini hədəfə alıb, amma ordu bunun qarşısını almağa tam hazır olub.