AZ

ABŞ və Çin arasında müqavilə imzalandı - Sular durulur?

Çin hökuməti, beynəlxalq ictimaiyyətin gözləntiləri, daxili maraqları və Amerika sənaye dairələrindən gələn çağırışları nəzərə alaraq, ABŞ ilə ticarət danışıqlarına razılıq verib. Çinin Ticarət Nazirliyinin (MOFCOM) sözçüsü bildirib ki, bu qərar qlobal ictimaiyyətin gözləntiləri, Çin tərəfinin maraqları və ABŞ biznes ictimaiyyəti ilə istehlakçılarının çağırışları tam şəkildə nəzərə alınaraq qəbul edilib .

 

Bu danışıqlar iki ölkə arasında uzunmüddətli iqtisadi əməkdaşlığa səbəb ola bilərmi, yoxsa bu, sadəcə müvəqqəti gərginlik azaldılmasıdır?

 

Mövcud suallarla bağlı Sfera.az- a açıqlama verən siyasi şərhçi Kənan Novruzov Çin və ABŞ arasında qarşıdurmaların daim mövcud olduğunu deyib.
Şərhçi bildirib ki, çünki hər iki siyasi oyunçu qlobal gücdür və dünyanın aparıcı qüvvəsi olmaq uğrunda bir-biri ilə mübarizə aparır:

 

 

“ABŞ-də Donald Tramp hakimiyyətə gəldikdən sonra Çinə qarşı təzyiqlər daha da artdı və bu, əsasən iqtisadi sahədə özünü göstərdi. Lakin Çin də geri qalmır”.

 

O bu gün Çin və ABŞ-nin qarşılıqlı şəkildə bir-birinə vurduğu zərərdən bəhs edib.

 

K.Novruzovun sözlərinə görə, rəqabət təkcə iqtisadi sahə ilə məhdudlaşmır:

 

“Təhlükəsizlik, hərbi və humanitar sahələrdə də bu qarşıdurma açıq şəkildə hiss olunur. Məsələn, Çin hansısa texnoloji yenilik təqdim edir, az sonra ABŞ buna qarşı tədbirlər görür. Yaxud ABŞ elmi-sənaye sahəsində yeniliklərə imza ataraq həmin məhsulu bazara ucuz qiymətlə çıxarır, bir müddət sonra isə Çin ona alternativ təklif edir. Bu proses bir tərəfdən qarşılıqlı zəiflətməyə yönəlik görünsə də, digər tərəfdən rəqabət mühitini formalaşdırır ki, bu da nəticə etibarilə bazarda daha ucuz məhsulların meydana çıxmasına səbəb olur”.

 

Siyasi şərhçi davam edən iqtisadi müharibənin xüsusilə tariflər və rüsumlar vasitəsilə dünya bazarına zərbə vurduğunu eyni zamanda, qlobal iqtisadiyyata mənfi təsir göstərdiyini diqtə edib:

 

“Bu baxımdan, bu gərginliyin acısını yalnız ABŞ və Çin deyil, bütün dünya çəkir. Güman etmək olar ki, həm Pekin, həm də Vaşinqton bu vəziyyətin fərqindədir. Ticarət sahəsində zaman-zaman əldə olunan razılaşmalar da bu reallıqdan irəli gəlir. Bununla belə, bu razılaşmaların ciddi və davamlı əməkdaşlığa yol açacağını düşünmürəm. Çünki Çin və ABŞ yeni rəqiblər deyillər. Siyasi-fəlsəfi baxımdan onların heç birinin ideologiyasında əməkdaşlıq ön planda deyil. Əksinə, hər iki ölkənin fəlsəfəsində rəqabət, bir-birinə zərbə vurmaq və qarşı tərəfi zəiflətmək əsas yer tutur. Bu səbəbdən, onların arasında dərin və davamlı əməkdaşlıq gözlənilmir”.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
0
1
sfera.az

2Mənbələr