AZ

Şimali Kipr rəsmisi: "Üç türk dövlətinin Aİ ilə bəyannamə imzalamasının iki səbəbi var" - MÜSAHİBƏ

BAKI, 7 may. TELEQRAF

Şimali Kipr Türk Respublikası Prezidentinin xüsusi müşaviri Gökhan Güler "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavanlandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Gökhan bəy, bu il mayın 3-də Türkçülük Günü münasibətilə Bakıda keçirilən “Dildə, fikirdə, əməldə birlik: türk dünyasının gələcəyi’’ adlı panel iclasında iştirak üçün ölkəmizə səfərdə oldunuz. Bakıya neçənci dəfə gəlirsiniz və ölkəmiz haqqında təəssüratınız necədir?

- Azərbaycana 1990-cı illərin ortalarından gəlməyə başlamışam. Azərbaycanla münasibətimiz digər türk ölkələri ilə müqayisədə daha yaxındır, həm demək olar ki, eyni millətik, həm coğrafi baxımdan əlaqələrimiz sıxdı, həm də azərbaycanlılar istiqanlıdı. Azərbaycan dövlətinin Şimali Kipr Türk Respublikasına verdiyi önəm bizim üçün çox dəyərlidir.

Türkçülük Günü münasibəti ilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti ilə Azərbaycana gəldim. Burada Türk dünyasının gələcəyi üçün əhəmiyyətli mesajlar verməyə çalışdım.

Yaxın günlərdə Özbəkistanda keçirilən Orta Asiya və Avropa İttifaqı sammitində əməkdaşlıq Bəyannaməsi imzalandı. Orta Asiya türk dövlətləri yunan Kiprini tanıyan sənədə qol çəkdilər. Bunun iki səbəbi var. Birincisi, bu coğrafiyada insanların iqtisadi vəziyyətini düzəltmək üçün ölkələr sahib olduqları təbii sərvəti mümkün qədər yüksək qiymətə satmağı bacarmalıdırlar ki, xalqın rifahı düzəlsin. İkincisi, Çinlə Rusiya arasında sıxışdırılmış bir coğrafiyada Avropa Birliyi ilə əlaqələri gücləndirmək çıxış yoludur. Bu, təbiidir, həmin ölkələr özlərini gücləndirmək istəyirlər.

1990-cı illərdə Sovet İttifaqı dağılanda türk dövlətləri müstəqil oldular, biz buna çox sevindik. BMT Təhlükəsizlik Şurası bu gün dünyada yaşanmaqda olan ədalətsizliyi, problemləri, güclü dövlətlərin gücsüzə tətbiq etdiyi insafcasına münasibəti önləyə bilmir. Bəzən isə qərarları sadəcə kağız üzərində qalır. Çünki qurumun qərarları tövsiyə tiplidir.

Orta Asiyanın türkdilli dövlətlərinin Avropa İttifaqı ilə imzalanan bəyannəməyə əlavə olunmuş maddəyə - BMT-nin yalnız yunan Kiprini tanıyan qətnamələrinə sadiqlik müddəasına - heç bir məcburiyyət yoxdur. Yəni Orta Asiya ölkələri Cənubi Kiprlə qurduqları siyasi əlaqləri Şimali Kipr Türk Cümhuriyyəti ilə də qura bilərlər.

Prezidentimiz Ersin Tatar və digər yetkili şəxslərimiz Bəyannəməni qəbul etmiş türk dövlətlərinin Şimali Kipr Türk Cümhuriyyəti ilə də eyni siyasi əlaqələr qura biləcəklərini qeyd edib.

Qırğızıstanın xarici işlər naziri bəyan etdi ki, biz Şimali Kipr Türk Respublikasındakı qırğız vətəndaşlarına konsulluq xidmətlərini 2024-cü il sentyabr ayından etibarən Türkiyə səfirliyi ilə görürük. Bildirildi ki, əgər uyğun şərtlər olsa, iqtisadi imkan yaradılsa, uyğun personalımız olsa Şimali Kipr Türk Cümhuriyyətində konsulluq aça bilərik. Bu fikirləri Qırğızıstanın xarici işlər naziri Səmərqənndə Avropa İttifaqı-Mərkəzi Asiya sammitində səsləndirdi.

Əslində, Qırğızıstan bunun siqnalını verir ki, Bəyannəməni qəbul etdik, amma digər dövlətlə də diplomatik əlaqələr qura bilərik. İki dövlətli həll yolunu qəbul edirik. Çünki Kipr adasının həqiqəti budur. Biz 50 il boyunca Kipr məsələsini çox müzakirə etmişik. Əslində 1991-ci ildən sonra müstəqillik əldə edən türk dövlətləri də daxil olmaqla BMT Cənubi Kipr Cümhuriyyətinin müstəqilliyini tanıyıblar. Bu, yeni bir mərhələ deyil. Amma diplomatik əlaqələr qurub, səfirlik açmayıblar.

Biz isə bildiririk ki, bir dövlətin başqa bir dövlətin müstəqilliyini tanıyıb, başqa bir dövlətin müstəqilliyini tanımaması yalnız siyası maraq və mənfəətlə mümkündür. Bir dövlət başqa bir ölkənin müstəqilliyini tanımaq istəyərsə,bunun önündə BMT Təhlükəsizlik Şurasının qərarı əsas gətirilə bilməz. Çünki bu, tövsiyə qərardır. Yəni hansısa ölkə bildirsə ki, tövsiyə qərarını qəbul edirəm, amma öz dövlətimin də siyasi maraqlarına üstünlük verərək Şimali Kipr Türk Cümhuriyyətində konsulluq aça bilərəm. Bunun üçün Qırğızısatana təşəkkür etdim.

Bakıdakı paneldə ən böyük təşəkkürüm Azərbaycana oldu. Prezident İlham Əliyev Bakıda keçirilən “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda “Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər sizinləyik”, - deyə dəstək mesajı verdi. Bu mesaj bizi çox məmnun etdi.

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi. Daha sonra Prezident İlham Əliyevlə Prezident Ersin Tatar Antalya Diplomatiya Forumunda bir araya gəldilər. Bu yaxın münasibət bizim üçün çox önəmlidir. Bu mənada Azərbaycanın ölkəmizə verdiyi dəyər çox qiymətlidir.

- Hazırda Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı əlaqələri necə qiymətləndirirsiniz?

- Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında əlaqələr uzun illərə söykənir. Adamızda təhsil alan çoxlu azərbaycanlı tələbə var.
Universitetlərimizdə azərbaycanlı müəllimlər çalışır. Otel və şirkətlərimizdədə çalışanlar da var. Onu da qeyd edim ki, Azərbaycan Şimali Kiprdə nümayəndəlik açarsa, bundan da çox məmnun olarıq. Şimali Kiprin Bakı nümayəndəliyi isə fəaliyyət göstərir. Əlaqələrimizin daha üst səviyyədə inkişaf etməsini istəyirik. Türk dövlətləri ortaq hərəkət etdikdə çox gözəl nəticələr göstərir.

Azərbaycan xalqı 44 günlük müharibədə Ermənistanın uzun müddət işğal etdiyi doğma torpaqlarını geri qaytardı. Bu, Prezident İlham Əliyevin və Azərbaycan ordusunun gücü ilə baş tutdu. Bu müddətdə türk dünyası mənəvi də olsa Azərbaycanın yanında yer aldı. Bu bir həmrəylik nümunəsiydi.

Şimali Kipr Türk Respublikası da məzlum və qurban vəziyyətindədir. Bizi ən çox anlayan Azərbaycandır. Çünki Azərbaycan ilə Ermənistan arasında yaşanan tarixi problemlər bizim rumlarla yaşadığımız problemlərə bənzəyir. Türk dünyasının bizə daha çox sahib çıxmasını və həmrəylik göstərməsini istəyirik.

- Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına müşahidəçi statusinda üzv qəbul edilib...

- Bəli, Şimali Kiprin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusinda üzv qəbul edilməsi çox önəmlidir. Buna görə TDT üzvlərinə təşəkkür borcluyuq. Bir daha bildirmək istəyirəm ki, Şimali Kipr Türk Respublikasının tanınması baxımından türk dövlətlərindən daha çox dəstək gözləyirik. Təbii ki, Şimali Kiprə Türkiyə və Azərbaycan böyük dəstək verirlər. Şimali Kipr prezidenti Ersin Tatar Bişkekdəki TDT-nin zirvə toplantısında iştirak edib. Bu mənada Qırğızıstanın da ölkəmizə dəstək olduğunu düşünürəm.

- Zəngəzur dəhlizinin açılması əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Zəngəzir dəhlizinin açılmasıyla Türkiyə ilə Azərbaycan arasında quru yol açılacaq. Zəngəzur dəhlizi sadəcə Azərbaycanın yox, bütün türk dünyasının Türkiyənin üzərindən Avropa bazarına gedə biləcək bir yol olacaq. Bu, Çin və Rusiya üçün nə qədər önəmlidirsə, türk dövlətləri üçün də bir o qədər əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması türk dövlətlərinin daha da güclənməsinə səbəb olacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr