7 may 2025-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşü baş tutub. Təkbətək başlayan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam etdirilib. Görüş zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, elm, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər, həmçinin Azərbaycan və İraq arasında tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi və siyasi məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar. Nazir Bayramov ikitərəfli əməkdaşlıq mexanizmlərinin, xüsusilə Hökumətlərarası Birgə Komissiya və Azərbaycan-İraq Biznes Şurasının roluna diqqət çəkərək iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Görüşdə regional təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət, Hindistan-Pakistan münasibətləri və Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi fəaliyyətlər də müzakirə olunub. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində ADA Universiteti ilə İraqın Diplomatik Xidmət İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, İraqla Azərbaycan arasında energetika məsələləriylə yanaşı tarixi, etnik, mədəni və dini bağlılıq da mövcuddur:

“Bu baxımdan Ceyhun Bayramovun İraqa səfəri Azərbaycan və İraqın münasibətlərinin inkişafı əməkdaşlıq üçün əhəmiyyətli sayıla bilər. Digər tərəfdən Azərbaycan və İraq neft-qaz ölkəsidir, deməli, iki tərəfin əməkdaşlığı üçün birləşdirən amillər genişdir. Hesab edirəm ki, gələcəkdə Azərbaycan və İraq arasında energetika sahəsində geniş əməkdaşlıq formalaşa bilər. Ötən il İraqın şimalındakı yerli özünü idarəetmənin başçısı Bərzaninin Azərbaycana səfəri sübut edir ki, Azərbaycan İraqın şimalındakı enerji yataqlarıyla bağlı əməkdaşlığa maraqlıdır. Ceyhun Bayramovun səfəri Azərbaycanın Yaxın Şərqin ayrılmaz parçası olduğunu göstərir. Eyni zamanda Yaxın Şərqdə sabitliyin Azərbaycanın iqtisadi, siyasi mədəni əlaqələrini möhkəmləndirilməsinə yardım etdiyini isbatlayır”.