Azərbaycan futbolunda illərdir danışılan, amma həll olunmayan əsas məsələlərdən biri uşaq futbolunun sistemsiz, plansız və nəticəyə hesablanmış şəkildə idarə olunmasıdır.
Lakin bu mənzərədə müsbət nümunələr də var – gələcəyə sərmayə qoyan, gənclərlə planlı şəkildə işləyən və beynəlxalq təcrübəyə üstünlük verən klublar.
Onları qorumaq, dəstəkləmək əvəzinə hədəfə çevirmək isə nə inkişaf, nə də sağlam tənqid anlayışına sığmır.
Son günlərdə yayılan məlumatlarda "Sabah" FK-nın guya U-16 millisinə futbolçu buraxmadığı iddia edilir. Lakin klubun rəsmi açıqlamasında bildirilir ki, heç bir rəsmi dəvət daxil olmayıb:
“U-16 milli komandasına futbolçuların cəlb olunması ilə bağlı "Sabah" Futbol Klubuna heç bir rəsmi müraciət daxil olmayıb.
Akademiya fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif yaş qrupları üzrə milli komandalara çoxsaylı futbolçular göndərib və bu proses əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib.
Milli komandalara futbolçu vermək bizim üçün qürur mənbəyidir.”
Əgər dəvət gəlməyibsə – futbolçunu necə göndərmək olar? Burada əsas sual fərqlidir: bu cür xəbərləri hazırlayanda ədalət anlayışı nəzərə alınırmı?
Tərəflərin mövqeyi öyrənilirmi? Futbola xidmət etməyin yolu, futbolun içində sağlam struktur quranları linç etməkdirmi?
Unudulmamalıdır ki, "Sabah" Akademiyası ölkə daxilində fəaliyyətlə kifayətlənmir – komandalarını mütəmadi şəkildə beynəlxalq turnirlərə göndərir, gənc futbolçuların yeni mühitlərdə inkişaf etməsi üçün şərait yaradır.
Bu, təkcə klubun uğuru deyil – Azərbaycan futbolunun ümumi irəliləyişi üçün strateji addımdır.
Belə olan halda, ictimaiyyətin borcu bu cür yanaşmaları ləkələmək deyil, qiymətləndirmək və inkişaf üçün nümunəyə çevirməkdir.
Xəlil Sadıq