"AzerGold"un nizamnamə kapitalı artırılır
Valyuta.az xəbər verir ki, "AzerGold" QSC-nin nizamnamə kapitalının 216,3 milyon manat artırılması nəzərdə tutulur. Bu artımla şirkətin kapitalı hazırkı 62 milyon manatdan 278,3 milyon manata çatdırıla bilər. Bu isə nizamnamə kapitalında təxminən 4,5 dəfəlik artım deməkdir.
Məlumata görə, kapital artımı səhmdar cəmiyyətinin dövriyyədə olan 2 milyon ədəd səhminin nominal dəyərinin 31 manatdan 139,15 manata yüksəldilməsi hesabına həyata keçiriləcək.
Nəzərə çatdıraq ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.
“AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Sərvanə Rəmixanova