AZ

“Atam əl-ayağımı bağlayıb xəstəxanaya aparacaqdı, vurdum”- 10 ildir sağalmayan Elvinin həyat hekayəsi 

  Atasını bıçaqlamaqda təqsirləndirilən Elvin Ağayevin cinayət işinin təfərrüatları məlum olub. Elvin uzun illərdir müalicə alırmış. Ailəsinin dediyinə görə son zamanlar müalicələr heç bir nəticə vermirmiş.

Hadisə ötən il Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib. 39 yaşlı Elvin atası ilə mübahisə edərkən onu bıçaqlayıb.

İstintaq belə qənaətə gəlib ki, Elvin bədəninə vurdurduğu döymələri sildirdikdən sonra bədənində yaralar əmələ gəlib. Atası da buna görə ona irad bildirib və mübahisə ediblər. Mübahisə zamanı Elvin atası Arifi bıçaqlayıb. Təqsirləndirilən şəxs və zərərçəkmiş atanın ifadəsindən hadisənin əsas detalları məlum olub.

Elvin ifadəsində deyib ki, 2020-ci ildə pandemiya zamanı işdən azad olunduqdan sonra depressiyaya düşüb, əsəb xəstəsi olub:

“İki dəfə stasionarda, 1 dəfə də Maştağada yatdım. Bir uşağım var. Boşanandan sonra aliment müəyyən olunmuşdu. İşləmədiyim üçün ödəyə bilmirdim. Hadisə günü evə gələndən sonra əsəbi idim. Əsəbi olanda başım gedib-gəlirdi, özümü saxlaya bilmirdim. Atam məni xəstəxanaya göndərəcəyini dedi. Bunu eşidəndən sonra baş getmələrim başladı. Atam ip gətirməyə getdi. Məni döyürdü. Məndən əl çəkməsini istədim, xəstəxanaya getmək istəmədiyimi dedim. Bıçağı götürüb cibimə qoydum. Atam yenə üstümə gəldi. Onu bir dəfə vuranda atam məni qucaqladı. Onu bağışlamağımı istədi. Mən də bıçağı yerə atıb otağıma getdim”.

Məlum olub ki, hadisə günü Elvin atası ilə birlikdə məhkəmədən gəlibmiş. Məhkəmə Elvinin aliment borcunu tam ödəməsi ilə bağlı qərar qəbul edibmiş və buna görə ailədə qanqarçılıq olub. Elvin istintaqdakı ifadəsində atasının onun əl-ayağını iplə bağlayıb xəstəxanaya aparmaq istədiyini də bildirib.

Elvinin atası Arif Ağayev də dindirilən zaman oğlunun səhhətinin normal olmadığını bildirib:

“Ata kimi oğlumun xəstəliyini qəbul edə bilmirdim. Dəfələrlə 2 saylı şəhər xəstəxanasında, Maştağada müalicə alıb. Amma fayda olmurdu. Həmin gün Elvinin ayağına vurdurduğu döyməyə görə mübahisə etdim. Qışqırmağa başlayanda əl-ayağını bağlayıb xəstəxanaya aparacağımı dedim. Bundan sonra Elvin daha da əsəbiləşdi. Elvinin xəstəliyi 10 il olar davam edir. Ailəsindən ayrılmağının səbəbi səhhətindəki problem və maddi çətinliklər idi”.

Ata oğlundan şikayətçi olmadığını, məhkəmədən Elvinin müalicəsinə şərait yaradılmasını xahiş edib.

Məhkəmə E.Ağayevin hadisəni törədərkən anlaqsız olduğu qənaətinə gəlib və onu cəzadan azad edərək məcburi müalicəyə göndərib. E. Ağayev saxlanılarkən onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınıb və xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilib.

/musavat.com

Seçilən
0
referans.az

1Mənbələr