AZ

Vitrinlə kassa arasında qiymət fərqi: Alıcı hansı məbləği ödəməlidir?

Alqı-satqı prosesində alıcıların ən çox rastlaşdığı problemlərdən biri vitrində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında uyğunsuzluq olmasıdır. Xüsusilə endirimli məhsullar və kampaniyalar zamanı bu cür hallara tez-tez rast gəlinir. Məsələn, məhsul üzərində endirim etiketləri olduğu halda, kassada köhnə və ya daha yüksək qiymətlə hesablanması müştərilər üçün çaşqınlıq və narazılıq yarada bilər. Bəs bu kimi hallarda alıcı hansı qiyməti ödəməlidir və hüquqi baxımdan hansı tərəf haqlıdır?
Bu barədə Moderator.az-a danışan vəkil  Etibar Qarayev bildirib ki,  bir şəxs şəxsi tələbatını ödəmək məqsədilə hər hansı bir məhsul alırsa və ya xidmətlərdən istifadə edirsə, o zaman həmin şəxs istehlakçı hesab olunur:
 “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istehlakçı hüquqları xüsusi qanunla qorunur. Bu hüquqlar "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Sözügedən qanun, beynəlxalq təcrübə və dünya praktikasına uyğun şəkildə hazırlanmış və qəbul olunmuşdur. Onun məqsədi – istehlakçıların hüquqlarını müdafiə etmək və bu sahədə yaranan münasibətləri hüquqi çərçivəyə salmaqdır. Qanunun 3-cü maddəsinə əsasən, istehlakçının əsas hüquqlarından biri də – əldə etmək istədiyi mallar haqqında dolğun və düzgün məlumat almaq hüququdur. Yəni, bir şəxs mağazaya daxil olduqda məhsulun üzərində göstərilən qiymət, onun miqdarı, çeşidi və keyfiyyəti barədə məlumatlar tam dəqiq və həqiqətə uyğun olmalıdır. Vitrində göstərilən qiymət alıcını çaşdırmamalı və kassada ondan fərqli məbləğ tələb edilməməlidir. Çünki bu, istehlakçının düzgün məlumat əldə etmək hüququnun pozulması deməkdir. Bundan əlavə, satıcının da qanuni öhdəlikləri mövcuddur. O, təqdim etdiyi məhsulun tərkibi, miqdarı, istifadə xüsusiyyətləri və digər vacib göstəriciləri haqqında düzgün və şəffaf məlumat təqdim etməlidir. Bu öhdəliklər yalnız "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunla yox, həm də Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli  qərarı ilə təsdiqlənmiş “İstehlakçıların hüquqlarının müdafiəsi Qaydaları”nda da öz əksini tapmışdır”.
 
Vəkil əlavə edib ki, Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli qərarına əsasən, qanunvericilikdə malların satışına dair ümumi tələblər aydın şəkildə müəyyən edilmişdir:
“Bu tələblərdən biri də ondan ibarətdir ki, satışda olan məhsulun üzərində onun adı, növü və qiyməti dəqiq və düzgün şəkildə göstərilməlidir. Əlavə olaraq, qiymət kağızı da düzgün tərtib olunmalı, istehlakçını çaşdıra biləcək heç bir uyğunsuzluğa yol verilməməlidir. Qeyd olunan normalardan da aydın görünür ki, əgər alıcı mağazaya daxil olduqda vitrində göstərilən qiymət kassadakı qiymətdən fərqlidirsə, bu zaman istehlakçının hüquqları pozulmuş olur. Çünki istehlakçının düzgün və şəffaf məlumat almaq hüququ, eyni zamanda məhsulun dəqiq qiymətini bilmə haqqı qanunla qorunur. İstehlakçı hüquqlarının pozulması isə hüquqi məsuliyyət doğurur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi bu cür hallarla bağlı inzibati xəta tərkiblərini əhatə edir. Bu maddəyə əsasən, əgər məhsulun satıcısı tərəfindən malların çəkisi, ölçüsü, keyfiyyəti və istehlak xüsusiyyətlərinə dair istehlakçı aldadılırsa, bu zaman inzibati məsuliyyət yaranır. Qanunvericilikdə “az miqdarda” ifadəsi bu məsuliyyətin inzibati və ya cinayət məsuliyyəti kimi qiymətləndirilməsində mühüm rol oynayır. Beləliklə, alıcıya yanlış və ya qeyri-dəqiq məlumat təqdim edildikdə, bu həm hüquqi pozuntu hesab olunur, həm də istehlakçının maddi və mənəvi zərərə uğramasına səbəb ola bilər. Bu kimi halların qarşısını almaq üçün alıcıların öz hüquqlarını bilməsi və hüquqi mexanizmlərdən istifadə etməsi vacibdir.
Az miqdarda dedikdə, həmin maddədə də göründüyü kimi, maddənin qeyd hissəsində qanunvericilik bizə açıqlayır ki, az miqdar dedikdə 5000 manatdan yuxarı olmayan məbləğ nəzərdə tutulur. Gündəlik əşyaları nəzərdə tutduqda belə başa düşmək olar ki, əksər hallarda həmin mağazalar inzibati məsuliyyət daşıyır. Təbii ki, elə hallar da ola bilər ki, həmin malların dəyəri daha yüksək olsun, yəni aldadılma miqdarı 5000 manatdan çox olsun. Bu halda artıq cinayət məsuliyyəti yaranır. Hansı ki, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, istehlakçıları aldatma — yəni məhsulun ölçüsü, çəkisi, istehlak xüsusiyyətləri və keyfiyyətinə dair xeyli miqdarda, yəni 5000 manatdan artıq məbləğdə aldadılma, artıq birmənalı şəkildə cinayət məsuliyyəti yaradır".
 
Vəkil  qeyd edib ki, istehlakçı hüquqlarının qorunması sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Həmin dövlət xidməti də məhz istehlakçı hüquqlarının qorunması və təmin olunması sahəsində bu xidməti həyata keçirir. Əgər vətəndaşların istehlakçı hüquqlarının pozulması ilə bağlı hər hansı şikayətləri varsa, onlar birmənalı şəkildə həmin quruma müraciət edə bilərlər.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
moderator.az

1Mənbələr