AZ

Vyetnam ölkəmizlə əlaqələrin genişlənməsində maraqlıdır

Vyetnam ölkəmizlə əlaqələrin genişlənməsində maraqlıdırPrezident İlham Əliyevin şaxələndirilmiş xarici siyasət kursu, ölkəmizin hərbi-siyasi qələbələri ilə yaratdığı yeni reallıqda artan nüfuzumuz bizə istənilən güc ilə bərabərhüquqlu tərəfdaşlıq imkanı verir.
Ölkə başçısının uğurlu xarici siyasəti, həyata keçirilən iri miqyaslı layihələr, Azərbaycanın strateji möövqeyi və bu kimi hallar dünyanın müxtəlif ölkələrini Azərbaycanla əlaqələrini daha da genişləndirilməsinə marağı artırır. Artıq bir çox xarici ölkələr bölgədə qlobal lider kimi kimi baxırlar.
May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səfər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının "Vietnam News Agency" agentliyinə müsahibə verərək Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə xüsusi yer ayırıb.
Qeyd edilib ki, 2014-cü ildə Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb və onların gələcək inkişafına təkan verib. 2015-ci ildə Prezident Çıonq Tan Şanqın ölkəmizə səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
Prezidenti İlham Əliyev "Vietnam News Agency" agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
"2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur", - deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.
Bu gün Azərbaycan və Vyetnam neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın "Binh Son Refinery and Petrochemical Company" ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan "Veso Petrol" müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün "Vyetnam süitası"nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali "Əmək" ordeni ilə mükafatlandırılıb.
Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir.
Qeyd edilib ki, Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı ölkə başçısının Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.
Xüsusi olaraq vurğulanıb ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetmnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

Seçilən
0
25
sonxeber.az

10Mənbələr