AZ

Kompensasiya ilə sülh imitasiya olunur – Ermənistanın Tavuş manevri

Ermənistan hökuməti Tavuş vilayətində Azərbaycana qaytarılacaq ərazilərdə daşınmaz əmlaka sahib olmuş şəxslərə pul kompensasiyası ödəmək üçün vəsait ayırıb. Bu barədə erməni mediası Tavuş vilayətindən olan jurnalist Voskan Sərkisyana istinadla məlumat yayıb.
Bildirilib ki, mayın 5-də Tavuş qubernatoru Ayk Qalumyan Ermənistan hökumətinin 23 aprel 2025-ci il tarixli 474-N saylı Qərarı ilə ayrılmış vəsait hesabına vətəndaşlara daşınmaz əmlaka görə kompensasiyaların ödənilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul edib:
“Qubernator özünü həmin komitənin sədri, Tavuş vilayəti administrasiyasından beş məmuru isə üzv təyin edib. Bəs hökumətin 23 aprel 2025-ci il tarixli 474-N saylı qərarında nə deyilir? Bununla hökumətin “Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasını təmin etmək tədbirləri haqqında” 27 dekabr 2024-cü il tarixli qərarın əlavəsinə əlavə və dəyişikliklər edilib. Həmin qərarın 2-ci bəndi məxfidir.
Bunun bir mənası ola bilər: 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib ki, Tavuş vilayətindən Azərbaycana verilən ərazilərin sahiblərinə pul kompensasiyası verilsin”.
Vurğulanıb ki, SSRİ dövründə Azərbaycanın anklavı olmuş, “əvvəllər azərbaycanlılar yaşayan” Sofulu, Bərxudarlu, Yuxarı Əskipara kəndləri qaytarıldıqdan sonra bu kəndlərə yollar çəkiləcək, kompensasiya da o yollara görədir.
Sərkisyan sonda  son vaxtlar stansiyanın yaxınlığında erməni hərbçilərinin əraziləri minalardan təmizləməsinin və aşkar edilən minaları partlatmasının təsadüfi olmadığını qeyd edib.  
Qeyd edək ki, bu məlumat Tavuş vilayətindəki anklav kəndlər – Sofulu, Bərxudarlı və Yuxarı Əskipara – ilə bağlı proseslərin aktiv fazaya keçdiyini, bu ərazilərin Azərbaycana qaytarılması istiqamətində praktiki addımların atıldığını göstərir.  Eyni zamanda bu addım sülh gündəliyi çərçivəsində mümkün razılaşmaların ilkin nəticəsi kimi qiymətləndirilə bilər.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov  Sherg.az-a açıqlamasında bildirib ki,  Ermənistanın son qərarına kontekstual yanaşdıqda, bu addımın sülh prosesinə səmimi münasibətdən uzaq olduğunu deməyə əsaslar yaranır: 

“Daha doğrusu  Ermənistanın sülh prosesinə necə ikiüzlü yanaşdığını açıq şəkildə göstərir. Tavuş vilayətindəki kompensasiya qərarı sanki sosial məsuliyyət addımı kimi təqdim edilsə də, bu, əslində Ermənistan hökumətinin xalqı susdurmaq üçün atdığı kosmetik və aldatıcı manevrdir. Onlar reallığı etiraf etmək əvəzinə, xalqa "əmlakınızı əldən verirsiniz, amma bir az pul verəcəyik" deyərək ictimai narazılığı pulla bastırmağa çalışırlar. Bu isə dövlətçilik deyil, siyasi alverdir. Ermənistan sülh prosesinə başından bəri sabotajla yanaşır. Paşinyan hökuməti gah sülhdən danışır, gah da sərhədə hərbi qüvvə yığır, gah razılaşır, gah da parlamentdə “Artsax” ritorikası ilə yenidən revanşist dairələri qızışdırır. Bu ölkə nə beynəlxalq hüquqa, nə də region xalqlarının gələcəyinə hörmət edir. Kompensasiya adı altında həyata keçirilən bu addım da sülhə yox, daxili xaosu idarə etməyə xidmət edir. Ermənistan bir tərəfdən sülh imitasiyası yaradır, digər tərəfdən isə ölkə daxilində millətçi dairələrin tələblərinə görə “qurban” obrazı oynayır”.

Politoloq qeyd edib ki, əgər Ermənistan sülhə həqiqətən sadiq olsaydı, 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi dağıntılar və vəhşiliklər üçün üzr istəyərdi:
 “Amma nəinki üzr istəməyib, hələ də özünü “əziyyət çəkən” tərəf kimi göstərməkdən əl çəkmir. Bu, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir və Azərbaycana qarşı ikili standartları stimullaşdırır. Ermənistanın bu addımı sülh müqaviləsinə doğru atılmış səmimi bir addım deyil, əksinə – vaxt qazanmaq, daxildəki təzyiqləri kompensasiya çəklində yumşaltmaq və gələcəkdə revanşist əhvali-ruhiyyəni diri saxlamaq üçün atılan siyasi duman örtüyüdür. Ermənilərin kompensasiya alması, əslində, Ermənistan cəmiyyətində Azərbaycanla sülhə qarşı gizli nifrətin necə dövlət səviyyəsində idarə olunduğunu göstərir: "Əmlakı verməyə razı olun, amma Azərbaycanla barışmayın."
Bu yanaşma sülhün təməllərini qoymaq yox, sabitliyi uzatmaq və yeni gərginliklərə zəmin yaratmaq üçün yönəldilib. Ermənistan hökuməti öz xalqına həqiqəti açıq demək əvəzinə, manipulyasiya edir, guya milli maraqları qoruyurmuş kimi davranır, halbuki əslində həm dövlətçiliyini, həm də regionu uçuruma aparır”.

T. İsmayılov hesab edir ki, Ermənistan sülh istəsəydi,  ərazilərin qaytarılması məsələsini qürurla, açıq siyasi iradə ilə təqdim edərdi. İndi isə sadəcə pul verərək məsuliyyətdən yayınmaq istəyir: 
“Bu isə müvəqqəti çarədir – nə Ermənistan cəmiyyətini sağaldacaq, nə də regionda sabit sülhə gətirib çıxaracaq. Ermənistan yenə də üzərinə düşən məsuliyyətdən qaçır, sülh prosesində isə rol oynamaq istəmir, yalnız tamaşa qurur. Amma bu dəfə tamaşa baş tutmayacaq – Azərbaycan dövləti bu riyakarlığı və saxta “humanistlik” oyununun arxasındakı niyyəti çox yaxşı bilir. Reallıq budur: Ermənistan sülhün qarşısındakı ən böyük maneədir”.
Seçilən
0
1
sherg.az

2Mənbələr