AZ

“Xocalı. Son toy..." – Report Media Məktəbinin tələbələri film barədə yazır

Report Media Məktəbi-19 qrupunun tələbələri ilə “Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy...” bədii-sənədli filmini kinoteatrda izləmək üçün “Gənclik” metrostansiyasının önündə toplaşdıq. Daha sonra kinoteatra yollandıq. Zalda xeyli tamaşaçı vardı...

Film bitdi, işıqlar yandı, kiminsə gözü yaşarmışdı, kimsə də sadəcə donub qalmışdı.

Daha sonra hər bir tələbə film barədə bir-birindən fərqli və maraqlı yazı hazırladı. Bu yazılarda həm emosionallıq, həm də vətənə olan dərin bir sevgi hissi əks olunmuşdu.

Beləliklə, “Xocalı. Son toy..." filminin uzun-uzadı təqdimata ehtiyacı yoxdur. Odur ki, hər yazıdan bir hissə götürməklə filmi tələbələrin baxış bucağı ilə təqdim etməyə çalışdıq;

Mələk Əhmədzadə - “Xocalı. Son toy..." bədii-sənədli filmi 1992-ci il, yanvarın 18-də çəkilmiş Vasif Qafarov və Dürdanə Məmmədova cütlüyünün toy fotosundan ilhamlanıb. Vasif o vaxtlar Xocalı yanacaqdoldurma məntəqəsində işləyirdi, lakin şəhərdəki qeyri-sabitlik səbəbindən o, könüllü özünümüdafiə batalyonuna qoşulmuşdu.

Dürdanə Xocalı rabitə şöbəsində çalışırdı. Vasif də Dürdanəyə vurularaq elçi göndərmişdi.

Nəhayət, Vasif və Dürdanənin çoxdan arzuladığı toy günü gəlib çatdı. Həyətdə böyük mağar qurulmuş, cürbəcür yeməklər bişirilmiş, xonçalar bəzədilmişdi. Hamı səbirsizliklə bu çətin günlərin acısını unutduracaq şadlığı gözləyirdi. Qarabağ elinin özünəməxsus adətlərini də müşahidə edə bildik. Adətən gecə yarısına qədər sürən toy bu dəfə saat 10-da bitməli idi, lakin 8-də tamamlandı... Ermənilərin növbəti hücumu toyla bərabər, Dürdanənin "Vağzalı" arzusunu da yarımçıq qoydu.

Aynur Əliyeva - Film ağrılı faciəni, 32 illik həsrəti, əlçatmaz arzuları bədii-estetik dillə tamaşaçılara çatdırır. Filmin hər bir detalında, hətta səssiz kadrlarda belə dərin kədər hissi, nisgil kimi duyğular Xocalı faciəsinin dəhşətini axıcı bir dillə izləyicilərə çatdırır. Xocalının ruhu filmin hər bir səhnəsində hiss olunur. Bəli, Xocalının ruhu – bir gecədə məhv olan xəyallar, sağ qalanların göz yaşları, xatirələrə həkk olunmuş kədər, yarımçıq qalan “Vağzalı”...

O gün sadəcə ailə olmağa hazırlaşan iki gəncin təkcə “Vağzalı”sı yarımçıq qalmadı, həm də bir müddət sonra bütöv bir millət vətəndən yarımçıq qaldı.

Bu toy bəzi Xocalı sakinlərinin elə həqiqətən gördükləri son toy oldu. Həmin toy sanki 32 illik həsrətin, nisgilin xəbərçisi oldu. Toyda sevincdən çox kədər hiss olunurdu. Elə bil hər kəs başına gələcəyindən agah olmuşdu. Artıq Xocalının başı üstünü qara buludlar kəsmişdi. Həmin qara buludlar toyu da elə ağuşuna almışdı.

Sara İbrahimova - Film var, baxdıqdan sonra nə gözlərin, nə də qəlbin onu unuda bilir. “Xocalı. Son toy...” məhz belə sənət əsəridir – yaddaşlara həkk olunan bir faciənin, bir xalqın sınmayan iradəsinin və illərlə içəridə saxlanılan bir arzunun hekayəsidir.

Filmi izləyərkən qəlbimdə qarışıq hisslər baş qaldırdı. Eyni anda həm çox kədərləndim, həm də sonsuz qürur hissi yaşadım. Çünki bu film bir zamanlar Xocalıda baş tutmalı olan, lakin müharibə ilə yarımçıq qalan bir toyun 33 il sonra yenidən gerçəkləşməsini göstərirdi. Sadəcə bir toy deyildi – bu, gözlənilmiş bir ömrün, yarımçıq qalmış gəncliyin, viran olmuş bir məmləkətin yenidən dirçəlişinin simvolu idi.

Gülçin Aslanova - Filmdə xalqımızın milli-mənəvi dəyərləri qorumasını, adət-ənənələrə bağlılığını, dözümlülüyünü, qəhrəmanlığını da görmək mümkün oldu.

Toy səhnələrində xonça bağlamaq adətinin göstərilməsi, maşının üzərinə gəlincik qoyulması, xalçaya pambıqla “Toyunuz mübarək” yazılması, “Vağzalı”nın, “Yanıq Kərəm”in səsləndirilməsi, xanımların geyimi və rəqs tərzinin əks olunması Azərbaycanın zəngin milli-mənəvi dəyərlərinin göstəricisidir.

32 il sonra yarımçıq qalan toyun Xocalıda tamamlanması ailəyə, adət-ənənəyə, torpağa bağlılığın və zəfərin ifadəsidir.

Nəzrin Abbaszadə - Filmlər yarımçıq qalmır, Xocalıda baş tutan son toy kimi. O toy ki, yarıda kəsilən sadəcə “Vağzalı”sı yox, bir elin, bir nəslin ümidi idi. O toy ki, davam edərkən ürəkləri tir-tir əsdirən güllə səsi yox, bu el-obada bir daha toy-büsat görməmək qorxusu idi. Hə, hə, ən böyük qorxu bu idi.

Bir daha səhər yuxudan durarkən Xocalının dağlarının qoynundan boylanan Günəşi görə bilməmək, yağışından sonra doğma vətən torpağının qoxusunu ciyərlərinə çəkə bilməmək, yurdun hər qarışında yetişən xarıbülbülü şehli-şehli dərib, hər rəngini bir ayrı heyranlıqla seyr edə bilməmək... Məgər bundan ötə qorxu ola bilərmi?! Vətən həsrəti. Bu iki söz yanaşı gəldisə, bir nisgil düşür cümlələrin üzərinə. Elə ağır gəlir ki, ardını gətirmək. İstəyirsən, lap bir ipi salıb, boynundan dartasan hərfləri. İlahi, ən böyük qorxunun özünü yaşamaq necə ağır hissdir?! Özü də nə az - nə çox, düz 30 il.

Çinarə Əsgərli - Filmi izləyərkən sanki zaman donur. Rəqs edən gənclər, sevinc içində gülümsəyən qohumlar, bir ömür boyu xatırlanacaq toy anları... Sonra qəfil hər şey susur. Musiqi dayanır, nəfəslər tutulur. Gələcək planları səssiz bir qaranlıqda itib-batır. Qurulan xəyallar, gələcək ümidlər, planlar - bir anda hər şey öz yerini o qorxunc qaranlığın dərinliklərinə buraxır. Filmin əvvəli sevincin necə bir anın içində dəhşətə çevrildiyini, “Vağzalı”nın necə yarımçıq qaldığını hiss etdirdi.

Burada təkcə faciə göstərilmədi, həm də yaddaşda gizlənən bir ümid toxumu da göründü. 32 il sonra o toy yarımçıq qaldığı məkana qayıtdı. Eyni bəy, eyni gəlin – zamanın, ağrının, kədərin və tənhalığın içindən keçərək, yenidən bir yerdə. Onlar o toyu tamamladılar. Bu dəfə silah səsləri yox idi, yalnız bir xalqın zəfər dolu sükutu vardı.

Fəridə Şahbazova - Filmin mərkəzində Xocalı soyqırımı ərəfəsində baş tutmalı olan bir toyun hekayəsi dayanır. Bu toy simvolik hadisədir – sevincin, həyatın, gələcəyə olan ümidin təmsil edildiyi bir anda başlamaqda olan savaşın bütün dəhşətini duyuruq. Filmin bu quruluşu bizə göstərir ki, Xocalı yalnız silah səsləri ilə deyil, həm də yarımçıq qalan toylarla, sönən ümidlərlə, bölünə bilməyən çörəklə yad edilir.

Ssenari və rejissorluq ustalıqla qurulub. Real hadisələrdən qaynaqlanan, lakin bədii duyğularla zənginləşdirilən bu film həm tarixi faktların, həm də insan talelərinin paralel şəkildə təqdimatını uğurla həyata keçirir.

“Xocalı. Son toy...” filmini izlədikdən sonra içimdə bir söz, bir nida, bir fəryad düyünlənib qaldı. Sözün bitdiyi, insanlığın susduğu, vicdanın lal olduğu bir yeri göstərdi bu film bizə – Xocalını.

Nərgiz Salamova - Filmin süjeti sadədir - heç bir çətinliyi göz önünə almayan gənclər evlənməyə qərar verirlər. Onlar hətta atəş səsləri və hərbi texnikanın narahatlıq doğuran səs-küyünə baxmayaraq, sevgi hissini yaşaya biləcəklərinə inanırlar. Vasif və Dürdanənin yarımçıq qalmış toyu sonsuz ümidin və həyata inadkar inamın simvolu, qəddarlığın qarşısında insan ləyaqətinin nümayişi kimi görünür.

Atəş səsləri bayramı faciəyə çevirdikdə biz nəinki qəhrəmanları, həm də sevginin məğlubiyyətsizliyi barədə xəyallarımızı da itiririk. Bəlkə də sevgi qalib gəlməməlidir, sadəcə geri çəkilməməsi kifayət edər.

Filmdə sənədli və bədii kadrların ustalıqla bir-birinə bağlandığını görürük, bu da özünəməxsus, tamaşaçını inandıra biləcək bir mühit yaradır. “Xocalı. Son toy...” uydurma, kütlənin tələbinə uyğun yaradılan bir dram deyil. Bu, anaların fəryadını, kədərli ata baxışlarını, dağılmış evləri və bağı açılmamış toy çiçəklərini bir yerə cəmləyən hekayədir.

Elnarə Əsgərova - “Xocalı. Son toy...” filmini izləyərkən qadın perspektivindən baxmaq mənim üçün təkcə emosional bir reaksiya deyil, həm də mənəvi və sosial bir təcrübə idi. Filmin əsas qadın obrazı olan Dürdanənin vasitəsilə qadınlığın, sevgiyə və ailəyə olan inamın, təhlükəsizlik ehtiyacının necə bir anda darmadağın edildiyini görmək qadın tamaşaçı üçün fərqli emosional qatlar açır. Çünki müharibə çox zaman kişilərin savaş meydanında fiziki varlığı ilə assosiasiya olunsa da, onun ən dərin yaraları qadınların gündəlik həyatında, psixoloji təbəqələrində və sosial kimliyində dərin izlər buraxır.

Film boyunca Dürdanə təkcə bir gəlin kimi deyil, həm də ümumi qadın taleyinin simvolu kimi təqdim olunur. O, sevinc və ümidin daşıyıcısıdır. Onun gülüşü, hərəkətləri, hətta baxışları gələcəyə olan inamla doludur. Toy səhnələri bu inamı vizual şəkildə təqdim edir: ağ gəlinlik, rəqs, ailə üzvlərinin sevgisi... Lakin müharibə bu qadın üçün yalnız yaxınlarını itirmək və ya qaçqın həyatını yaşamaq anlamına gəlmir. Bu, kimliyinin zorla parçalanması, bir qadın olaraq öz arzularını yaşamaq haqqının əlindən alınması deməkdir.

Tənzilə Ağabalayeva - “Xocalı. Son toy...” filmi bizə tarix kitablarının öyrədə bilmədiyi bir dərsi verir – bu, insanlıq dərsidir. İtirilmiş uşaqlıq, parçalanmış ailələr, susmuş arzular... Bunları hiss etmək üçün bu filmə baxmaq kifayətdir. O andan sonra sən artıq əvvəlki sən olmursan. Səndə bir iz qalır – Xocalının izi.

Filmin sonunda göstərilən o səhnə... sözlərlə ifadə etmək çətindir. İllər əvvəl yarımçıq qalmış bir toyun, eyni insanlar – bəlkə də bəziləri saçlarına dən düşmüş, bəziləri isə gözlərində iz qoymuş xatirələrlə - yenidən, bu dəfə azad olmuş torpaqda davam etməsi, tamaşaçının qəlbinə bir ümid, bir təskinlik gətirir.

Bu səhnə bir filmin sonu deyil, əksinə, yeni bir başlanğıcdır!

Seçilən
0
1
report.az

2Mənbələr