AZ

Ekspert: Azərbaycanda 25 minə yaxın şagird özəl məktəblərdə təhsil alır

Hazırda Azərbaycanda 30-dan çox özəl təhsil müəssisəsi fəaliyyət göstərir.

Müasir dövrdə cəmiyyətin sosial-iqtisadi inkişafında təhsilin keyfiyyəti həlledici rol oynayır. Bu çərçivədə özəl məktəblər ənənəvi dövlət məktəblərinə alternativ olaraq daha çox diqqət çəkməyə başlayıb. Valideynlər övladlarının akademik və şəxsi inkişafını təmin etmək məqsədilə daha çox özəl məktəblərə üstünlük verirlər. Onlar bu müəssisələri uşaqlarının uğurlu gələcəyinə bir növ zəmanət kimi görürlər.
 

Özəl məktəblərin fərqləri
 

Özəl təhsil müəssisələri fərqli yanaşma, innovativ tədris metodları, yüksək ixtisaslı kadr heyəti və geniş texniki-tədris imkanları ilə seçilir. Bu məktəblərdə dərs yükü balanslı şəkildə tənzimlənir, şagirdlərin fərdi potensialı nəzərə alınaraq dərsdənkənar inkişaf proqramları həyata keçirilir. Eyni zamanda, özəl məktəblərdə dil biliklərinin gücləndirilməsi, beynəlxalq proqramların tətbiqi və texnoloji resurslardan istifadə kimi üstünlüklər mövcuddur.
 

Qiymət fərqləri
 

Təhsil eksperti Elçin Əfəndiyev bu barədə Operativ Media-ya açıqlama verib.

O, bildirib ki, hazırda Azərbaycanda 30-dan çox özəl təhsil müəssisəsi fəaliyyət göstərir və burada təxminən 25 min şagird təhsil alır. Təhsil haqları isə məktəbdən məktəbə əhəmiyyətli dərəcədə fərqlənir:

“Özəl məktəblərin illik təhsil haqları 4-5 min manatdan başlayaraq, bəzi hallarda 20 min manatdan da yuxarı olur. Bu fərqliliyin səbəbləri sırasında məktəbin yerləşdiyi ərazi, infrastruktur, nəqliyyat xidməti, qidalanma, yataqxana imkanları, tədris proqramı və müəllim heyətinin səviyyəsi kimi amillər yer alır. Amma bəzən qiymətlərin reallıqla uyğun gəlmədiyi hallara da rast gəlinir,” – deyə ekspert bildirir.

O, həmçinin vurğulayır ki, özəl məktəblərin fəaliyyəti ümumilikdə təhsil sektorunda rəqabət mühitinin yaxşılaşmasına, şagird və nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərir.
 

Bir neçə özəl məktəbin təhsil haqları (2024/2025 tədris ili üzrə)

 

  • İdrak Liseyi

    • 1–4-cü siniflər: 10 000 AZN

    • 5–11-ci siniflər: 10 500 AZN

  • Sabis Sun International School

    • Təhsil haqqı: 12 000–15 000 AZN (sinifdən asılı olaraq)

  • British School

    • 1–5-ci siniflər:

      • Yerli müəllimlərlə: 12 000 AZN

      • Əcnəbi müəllimlərlə: 14 000 AZN

      •  6–11-ci siniflər: 15 000 AZN

  • Evrika Liseyi

    • İbtidai siniflər: 9 000 AZN

    • 5–8-ci siniflər: 9 500 AZN

    • 9–11-ci siniflər: 10 250 AZN

  • Hədəf Liseyi

    • Azərbaycan bölməsi, 1–8-ci siniflər: 8 000 AZN

    • 9-10-11-ci siniflər üçün illik təhsil haqqı 6000 AZN təşkil edir.

Təhsil sahəsində seçim edən valideynlər üçün əsas prioritetlərdən biri övladlarının yüksək səviyyəli təhsil almasıdır. Bu kontekstdə özəl məktəblər bir sıra imkanlar təqdim etsə də, qiymətlərin real dəyəri əks etdirməsi məsələsi də aktual olaraq qalır. Valideynlərin seçim edərkən təkcə qiymətə deyil, məktəbin təqdim etdiyi təhsilin keyfiyyətinə, şəraitinə və övladlarının fərdi ehtiyaclarına uyğunluğuna da diqqət yetirməsi zəruridir.

Seçilən
0
operativmedia.az

1Mənbələr