Ajans.az xəbər verir ki, tədqiqatla bağlı məqalə “Journal of Hazardous Materials” jurnalında dərc olunub. Araşdırma Qida Təhlükəsizliyi üzrə Federal Xidmətin və Lozanna Politexnik Məktəbinin mütəxəssisləri tərəfindən aparılıb. Onlar supermarketlərdən tutmuş kiçik mağazalara qədər ən populyar meyvə və tərəvəzlərdən 100-ə yaxın nümunə alıblar və sonra onları təkərlərə xas olan 11 maddə üçün sınaqdan keçiriblər. Nümunələrin yüzdə 31-də elm adamları 6-PPD və 6-PPD-xinon kimi birləşmələrin izlərini tapıblar. Üstəlik, çirklənmə səviyyəsi alınma yerindən və ya məhsulun üzvi olub-olmamasından asılı deyildi. Əvvəllər belə hesab edilb ki, insanlar bu maddələrlə əsasən hava vasitəsilə, təkərlərdən xırda hissəciklər atmosferə daxil olduqda təmasda olurlar. Ancaq indi məlum olub ki, bu cür çirkləndiricilərin əhəmiyyətli bir hissəsi də qidadan gəlir. Bu birləşmələr ətraf mühitdə toplanır: torpağa çökür, suya düşür və bitkilər vasitəsilə süfrəmizə qayıdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda bəzi əlavələrin zəhərli olduğu, güman ki, məhsuldarlığı azaltdığı və sinir sistemində iltihaba səbəb olduğu göstərilmişdir. Bu maddələrin insan orqanizminə tam olaraq necə təsir etdiyi hələ də məlum deyil - hazırda İsveçrə və Çində onların qanda aşkarlanması üçün tədqiqatlar aparılır. Müəlliflər vurğulayırlar ki, bu cür çirkləndiricilərlə daimi təmas şəraitində mümkün riskləri təcili qiymətləndirmək və təkərlərdəki zəhərli əlavələri daha təhlükəsizləri ilə əvəz etmək barədə düşünmək lazımdır.