Ölkədə bəzi vətəndaşların qeyri-qanuni münasibətindən dünyaya gələn körpələr qanunvericiliyin müəyyən qaydaları ilə müdafiə olunur. Lakin cəmiyyətdə hələ də bu cür uşaqlara münasibət fərqlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü və 53-cü maddələrinə əsasən, uşaq nikahdaxili və ya nikahdankənar doğulmasından asılı olmayaraq valideynlərinin qarşısında eyni hüquqlara malikdir. Bu hüquqlara uşağın soyad alması, valideynin himayəsində olması, aliment təyin edilməsi, vərəsəlik hüququ, təhsil və sosial təminatları aiddir. Hətta uşağın atalıq mənsubiyyəti qanuni nikah olmadıqda da müəyyən edilə bilir.
Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycanda 16 minə yaxın nikahdankənar uşaq dünyaya gəlib.
2023-cü ildə 15622, 2022-də 18814, 2020-də 17714 belə uşaq doğulub.
Bəs dində nikahdankənar doğulan uşaqlara münasibət necədir?
Heydər məscidinin imam müavini Rza Rzayev Modern.az saytına açıqlama verib.
Onun sözlərinə görə, İslamda həm hüquqi, həm dini cəhətdən nikahın bağlanması vacib hesab edilir. Nikahdankənar iki şəxsin münasibət qurması dində qadağandır. Bu zina adlanır və haram hesab edilir.
“Müqəddəs Qurani-Kərim kitabında uca Rəbbimiz bizləri bu məsələdən xəbərdar edib ki, zinaya yaxınlaşmayın. Elə günahlar var ki, onlar yalnız Allahla bəndə arasında olur. Lakin, zina məsələləri cəmiyyətin də qınaq obyektinə çevirdiyi mövzulardan biridir”,- deyə din xadimi bildirib.
İmam söyləyib ki, qeyri-qanuni uşaq dünyaya gətirmək həm də cəmiyyətin dəyərlərini ayaqlar altına atan mövzudur. Bununla yanaşı, ailə institutlarının prinsiplərini dağıdan, ailə münasibətlərinə, nəsil paklığına xələl gətirən prosesdir.
“Din ailəni həm hüquqi cəhətdən, həm də milli-mənəvi dəyərlər baxımından biz insanlara vacib buyurub. Ancaq dünyaya gələn körpə necə doğulursa doğulsun, ona günahkar damğası vurmaq olmaz. Çünki onun məsuliyyəti valideynlərin üzərinə düşür”.
Rza Rzayev qeyd edib ki, nikahsız doğulan körpə pak dünyaya gəlir. Günahkar olan onun ana-atasıdır.
“Sağlam cəmiyyət istəyən vətəndaşlar birinci özləri bu məsələdə düşüncəli davranmalıdırlar. Nikahsız körpələrin sayını yox etmək üçün əhali bilməlidir ki, sağlam və qanuni nikaha üstünlük verməlidirlər. Əsasən də gənc nəsil anlamalıdır ki, zinaya həm qanunvericilik, həm din qaydaları baxımdan, həm də mənəvi paklıq cəhətdən yol vermək olmaz”.