Artıq məlum olduğu kimi, “İnter” UEFA Çempionlar Liqasının (ÇL) yarımfinalında “Barselona”nı mübarizədən kənarlaşdırıb.
Arena.az məlumat verir ki, “Barselona” səfərindən 3:3 hesablı heç-heçə ilə qayıtmış “neradzurri” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 4:3 (əsas vaxt 3:3) hesabı ilə qazanıb.
Əlavə edək, “İnter” birinci hissədə 2:0 hesablı üstünlüyünü əldən verərək 2:3 hesablı məğlub vəziyyətə düşüb, 90+3-cü dəqiqədə bərabərliyi yaxalayıb, əlavə vaxtın birinci hissəsində isə qələbə qolunu “blauqrana”nın qapısından keçirib.
Artıq 972 gündür ki, “İnter” UEFA Çempionlar Liqası çərçivəsində doğma stadionu “Cüzeppe Meatsa”da məğlubiyyət tanımır. “Neradzurri” qitənin ən mötəbər klub yarışı çərçivəsində doğma meydanında sonuncu dəfə 2022-ci ilin sentyabr ayının 7-də məğlub olub. O vaxt Çempionlar Liqasının qrup mərhələsinin 1-cii turunda Almaniya nəhəngi “Bayern” “İnter”i məğlub etmişdi – 2:0.
ÇL-in cari mövsümünün finalına yüksəlmiş “İnter” həlledici oyunda bu gün keçiriləcək PSJ – “Arsenal” (ilk oyun 1:0) cütünün qalibi ilə qarşılaşacaq.