Sosial şəbəkələrdə yayılan yeni görüntülər Rusiya ilə Ukrayna arasında informasiya savaşının və psixoloji təzyiqlərin nə qədər dərinləşdiyini bir daha ortaya qoyur. Belə ki, Ukraynaya məxsus kamikadze dronlardan birinin üzərində “9 May bayramınız mübarək, Vladimir” sözləri yazılıb.
Bizim.Media xəbər verir ki, Ukrayna hərbi strukturlarına yaxın Telegram kanallarında və media səhifələrində yayılan bu görüntü 9 May – İkinci Dünya Müharibəsində qələbə gününün Rusiya tərəfindən geniş şəkildə qeyd olunduğu bir vaxtda ictimaiyyətə təqdim edilib.
Bu mesajın, əslində, Rusiya Prezidenti Vladimir Putinə ünvanlandığı bildirilir.
Dronun üzərindəki yazı və görüntülərin yayımlanması həm simvolik, həm də psixoloji mesaj daşıyır. Ukrayna tərəfi bununla Rusiya liderinə və Kremlə açıq şəkildə bildirir ki, artıq heç bir rəsmi tədbir, heç bir simvolik tarix onları qorumaq gücündə deyil. Qələbə günü kimi qeyd olunan 9 May Ukraynada işğalçılıqla assosiasiya olunur və bu “təbrik” də əslində qara yumor və ironiya ilə yoğrulmuş bir xəbərdarlıqdır.
Rusiya tərəfi hələlik bu görüntülərə və mesajlara rəsmi reaksiya verməyib. Lakin bu cür mesajların 9 May paradı və yüksək səviyyəli tədbirlər ərəfəsində yayılması, Ukraynanın informasiya müharibəsində də aktiv və simvolik addımlar atdığını göstərir.
Xatırladaq ki, son aylar ərzində Ukrayna dronlarının Rusiya ərazisində müxtəlif obyektləri vurması halları artıb. Bu hadisə isə artıq Ukraynanın təkcə hərbi deyil, psixoloji və simvolik təbliğat müstəvisində də fəallığını nümayiş etdirir.
Bizim.Media