AZ

Rəşad Dağlı azadlığa BURAXILIR? - Komissiya AÇIQLADI

Azərbaycan Prezidentinin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi cəmiyyətdə geniş rezonans doğurub. Bu çərçivədə əfv sərəncamının imzalanacağına dair gözləntilər də artmaqdadır. Əfv məsələləri gündəmdə olduğu bir vaxtda cəmiyyətdə ən çox müzakirə olunan adlardan biri də tanınmış meyxana ustası Rəşad Dağlıdır (Əmirov). Hazırda azadlıqdan məhrum edilən söz ustadının əfv sərəncamına düşüb-düşməyəcəyi ilə bağlı ictimai maraq kifayət qədər yüksəkdir. Sosial şəbəkələrdə və mediada onun azadlığa buraxılması ilə bağlı çağırışlar səngimək bilmir.

News24.az məsələ ilə bağlı meyxanaçının yaxın sənət yoldaşları ilə əlaqə saxlayıb. Onların əksəriyyəti bildiriblər ki, Rəşad Dağlının əfv olunması ilə bağlı komissiyaya konkret bir müraciətin olub-olmadığı barədə məlumatları yoxdur. Bununla belə, əfvə ümid etdiklərini gizlətməyiblər.

Eyni zamanda bəzi sənət yoldaşları qeyd ediblər ki, əfv üçün rəsmi müraciətin kim tərəfindən və nə zaman edildiyi haqda məlumatlı deyillər, lakin onun əfvi ilə bağlı ictimai dəstək olduqca genişdir. Onlar bildiriblər ki, hüquqi məsuliyyətlə yanaşı, insani və sosial amillər də nəzərə alınmalı, cəmiyyətin mövqeyi qiymətləndirilməlidir. 

Hazırda Əfv Komissiyası tərəfindən təqdim olunan siyahıların araşdırılması və yekun sənədlərin hazırlanması mərhələsi davam edir. Əfv sərəncamının nə zaman veriləcəyi və kimləri əhatə edəcəyi hələlik bəlli deyil. Amma ictimai gözlənti ondan ibarətdir ki, bu dəfəki sərəncam daha geniş miqyaslı ola bilər və Rəşad Dağlı kimi ictimaiyyətin diqqətində olan şəxsləri də əhatə edə bilər.

Azərbaycan Respublikasnın Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev News24.az-a deyib ki,  Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması adətən əlamətdar tarixlərdə baş verir:

“Komissiyanın iclaslarında yüzlərlə müraciətə baxılıb və müvafiq qərarlar qəbul edilib. Əfv Komissiyasının vəzifəsi məhkumların özləri, yaxınları və vəkilləri tərəfindən edilən müraciətlərə, eləcə də deputatların, QHT-lərin, Ombudsmanın və vətəndaş cəmiyyətinin digər üzləri tərəfindən qaldırılan vəsadətlərə baxmaqdır. Həddən artıq ərizə daxil olur. Hər bir ərizə diqqətlə araşdırlmalı və qərarların verilməsi üçün rəylər hazırlanmalıdır".

Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə News24.az-a açıqlamasında deyib ki, əfvetmə aktı fərdi qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:

"Əfvetmə aktı cinayət törətməyə görə məhkum olunmuş şəxsin cəzanın qalan hissəsindən azad edilməsi, təyin edilmiş cəzanın müddətinin azaldılması və ya cəzanın daha yüngül cəza növü ilə əvəz olunması formasında həyata keçirilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında maksimum 25 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Bundan əlavə, əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər".

Aqil Qarayev

Seçilən
0
2
news24.az

3Mənbələr