Şimali Koreya lideri Kim Çen In ölkənin müdafiə sənayesi müəssisələrini ziyarət edərək, top mərmilərinin istehsalının sürətlə artırılması ilə bağlı tapşırıq verib.
Sfera.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Zavodlarda aparılan modernləşmə işlərindən məmnun qaldığını bildirən Kim, artilleriya gücünün gücləndirilməsinin ordunun döyüş hazırlığı və səmərəliliyinə ciddi töhfə verdiyini vurğulayıb.
Kim Çen In bildirib ki, silahlı qüvvələrin döyüş gücünü artırmaq məqsədilə daha çox top mərmisi istehsal edilməlidir. O, həmçinin sursat sənayesilə yanaşı, milli iqtisadiyyatın digər sahələrinin də daha ağıllı, sürətli və çoxfunksiyalı avadanlıqlarla təchiz edilməsinin vacibliyini qeyd edib.
Analitiklərə görə, Şimali Koreya liderinin bu çağırışı, ölkənin Rusiyaya hərbi sursat və mümkün şəkildə canlı qüvvə dəstəyi göstərməyə davam edəcəyinə işarə ola bilər.
Qeyd edək ki, 2024-cü ilin iyununda Moskva və Pxenyan arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişi ötən ilin dekabrında qüvvəyə minib. Rusiya Xarici İşlər Nazirliyi həmin sazişin hücum halında qarşılıqlı hərbi yardım öhdəliyi daşıdığını açıqlayıb.
Cənubi Koreya isə iddia edir ki, Şimali Koreya Rusiyaya Ukrayna müharibəsində döyüşmək üçün 15 mindən çox hərbçi göndərib.
Bəsti Rəfizadə
Sfera.az