Berlin, 7 may, AZƏRTAC
Almaniyanın yeni Federal Kansleri Fridrix Merts ilk xarici səfərini Fransaya edib.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Almaniya Kanslerini Yelisey sarayında qarşılayıb.
Səfər Almaniyada hökumət dəyişikliyindən sonra iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verilməsi məqsədi daşıyır. Yeni Kansler Fransa və Polşa ilə münasibətləri “yenidən başlama” təşəbbüsünü irəli sürüb. Fransaya yola düşməzdən əvvəl F.Merts bu səfərdə konkret qərarların qəbulunun nəzərdə tutulmadığını bildirsə də, həm daxili, həm də beynəlxalq auditoriyaya bu iki ölkə ilə əməkdaşlıqda fəal olacağı mesajını vermək istədiyini vurğulayıb. O deyib ki, son illərdə Fransadan Almaniyanın qarşılıqlı münasibətlərə kifayət qədər diqqət ayırmaması barədə narazılıqlar ifadə edilib.
F.Merts Fransadan sonra Polşaya səfər edəcək.
Xatırladaq ki, F.Merts ötən gün Bundestaqda keçirilən Kansler seçkilərində ikinci cəhddə bu vəzifəyə seçilib. Kansler seçilməsi üçün 630 deputatdan 316-sının səsi tələb olunduğu halda, onun lehinə 310, əleyhinə 307 nəfər səs vermiş, 3 nəfər bitərəf qalmışdı. Birinci turdakı məğlubiyyətdən sonra partiyaların parlament fraksiyaları arasında aparılan məsləhətləşmələr nəticəsində ikinci turun da həmin gün keçirilməsi qərara alınmışdı. Günortadan sonra keçirilən ikinci turda F.Merts lazımi səs çoxluğunu toplayaraq Almaniyanın 10-cu Federal Kansleri seçimişdi. Onun lehinə 325, əleyhinə isə 289 nəfər səs vermişdi.
İxtisasca hüquqşünas olan F.Merts 1955-ci ildə Almaniyanın Brilon şəhərində doğulub. Uzun illər siyasətdə məşğul olan F.Merts 1989-1994-cü illərdə Avropa Parlamentinin üzvü, 1994–2009-cu illərdə, eləcə də 2021-ci ildən etibarən Almaniya Bundestaqının deputatı olub. O, 2000–2002-ci illərdə CDU/CSU parlament fraksiyasının rəhbəri kimi fəaliyyət göstərib. 2022-ci ildən CDU-nun sədri olan F.Merts iqtisadiyyatın canlandırılması, infrastrukturun modernləşdirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi kimi məsələləri prioritet olaraq müəyyənləşdirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin