“Azərbaycan İranla münasibətlər ən yüksək səviyyədə olmasına çalışır” — Deputat
İran hökumətinin sözçüsü Fatimə Möhecerani mətbuat konfransında bildirib ki, gündəlik Tehran-Bakı reysləri açılıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan ilə İran arasında münasibətlər son dövrlərdə əhəmiyyətli dərəcədə inkişaf edir:
“İran Prezidentinin Azərbaycana səfərindən sonra iki ölkə arasında yeni əməkdaşlıq mərhələsi başlayıb. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti ilə keçirilən görüşdə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafı vurğulanıb.
Bakı-Tehran arasında birbaşa hava əlaqəsinin qurulması, sərhəd infrastrukturlarının təkmilləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, enerji və nəqliyyat sahəsində birgə layihələrin icrası münasibətlərin dərinləşməsinə xidmət edir.
Azərbaycan həmişə çalışıb ki, İranla münasibətlər ən yüksək səviyyədə olsun. Bu təşəbbüslər hər iki ölkənin maraqlarına cavab verir və tərəfdaşlığı daha da möhkəmləndirir”.
Leyla Turan
Demokrat.az