AZ

Naxçıvanda Prezident təqaüdçüsü Tərlan Musayevanın 70 illik yubileyi qeyd olunub

Naxçıvan, 7 may, AZƏRTAC

Culfa rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi”nin təşəbbüsü, rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Prezident təqaüdçüsü Tərlan Musayevanın 70 illik yubileyi qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley iştirakçıları əvvəlcə Culfa şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Kəlağayı Ev Muzeyinin kəlağayılarından, müxtəlif növ papaqlardan, təşkilatın dəstəyi ilə işıq üzü görmüş kitablardan, quramaçı Aybəniz Camalovanın əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Mədəniyyət şöbəsinin müdiri Füzuli Hüseynli yubilyarın həyat yolundan danışıb.

“Mirvarid Dilbazi Poeziya Məclisi” Ictimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı qeyd edib ki, Ulu Öndərin anadan olmasının 102-ci ildönümündə Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi dahi rəhbərin xatirəsinə ehtiram əlamətidir. Qeyd edilib ki, Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolundan bəhs edir.

Güllü Eldar Tomarlı tərəfindən toplanıb tərtib olunan "Babamın papağı, nənəmin kəlağayısı" kitabı da orta məktəb şagirdlərindən və tələbələrindən ibarət geniş auditoriya üçün nəzərdə tutulub.

Tədbirdə Vaqif Osmanlı, Kırna Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şəhid bacısı, quramaçı Aybəniz Camalova və Anar İncəli çıxış ediblər.

Tərlan Musayeva çıxış edərək, göstərilən diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Sonra bədii kompozisiya nümayiş olunub.

 

Seçilən
0
azertag.az

1Mənbələr