Cənubi Asiya regionunda sabitlik son günlər artan gərginliklər və hərbi əməliyyatlarla təhdid altındadır. Hindistanın müharibə aparmaqda israrı isə regionda təhlükəni daha da artırır. Pakistan aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan Palaqram bölgəsində baş verən, 26 nəfərin ölümü ilə nəticələnmiş hadisəni diqqətlə araşdıraraq, günahkarları məsuliyyətə cəlb etməyə, Hindistanı sülh danışıqları aparmağa çağırıb. Hindistan isə əsassız olaraq bu hadisənin Pakistan hökuməti tərəfindən törədildiyini iddia edərək, müharibə və qarşıdurma yolunu seçib. Ötən gecə Hindistanın 10 təyyarədən ibarət yeddi hava dəstəsi ilə Pakistanın hava məkanına daxil olması və həm nəzarət xətti, həm də beynəlxalq sərhəd boyunca bir sıra hücumlar həyata keçirməsi bölgədə vəziyyəti daha da ağırlaşdırıb. Pakistan bu hücumları qətiyyətlə pisləyərək, Hindistanın hərbi əməliyyatlarının beynəlxalq hüquqa zidd olduğunu, müharibə əvəzinə, diplomatik həllərin tapılmasının vacibliyini vurğulayır, hərbi əməliyyatların uzunmüddətli sülhə və stabilliyə gətirib çıxarmayacağını, əksinə, daha çox itkilərə və faciələrə yol açacağını bildirir.
Xüsusi vurğulanmalıdır ki, yaranmış vəziyyət yalnız Hindistan və Pakistan arasında deyil, ümumilikdə Cənubi Asiya regionunda gərginliyin artmasına səbəb olur.
Pakistan-Hindistan arasında dünən gecə baş verənlər
Pakistan Ordusunun təqaüddə olan general-leytenantı, Korpus və Ordu Strateji Qüvvələr Komandanlığı daxil olmaqla müxtəlif hərbi birləşmələrə komandanlıq etmiş müharibə veteranı Qulam Mustafa mayın 7-si gecə baş verən hadisəni APA-ya şərh edib.
General bildirib ki, əməliyyat zamanı Hindistan ABŞ istehsalı olan uzaqmənzilli “stend-off” raketlərindən istifadə edib, Pakistanın beş müxtəlif bölgəsinə zərbələr endirib.
“Bu hədəflərdən üçü nəzarət xəttinin o tərəfində yerləşir və onlardan biri Azad Cammu və Kəşmirin inzibati mərkəzinə yaxın məsafədə olub. İki zərbə beynəlxalq sərhədin o tayında həyata keçirilib - biri Lahora yaxın Muritke ərazisində, digəri isə Cənubi Pəncab bölgəsində, Bahalpur yaxınlığında... Hindistan tərəfi iddia edir ki, hücumların hədəfi terrorçu qruplaşmaların mövqeləri olub. Lakin zərbələr nəticəsində mülki şəxslər arasında tələfat və yaralanmalar qeydə alınıb. Bununla yanaşı, Hindistan nəzarət xətti boyunca bir neçə istiqamətdə koordinasiyalı hücumlara cəhd edib. Pakistan Silahlı Qüvvələri vəziyyəti dərhal nəzarətə götürüb və Pakistan Hərbi Hava Qüvvələri operativ şəkildə havaya qalxaraq cavab tədbirləri görüb. Pakistan qüvvələri bu əməliyyatlar çərçivəsində Hindistanın altı hərbi təyyarəsini məhv edib. Bunlardan ikisi “Rafale”, üçü “MiQ-29”-dur. Altıncı təyyarənin tipi dəqiqləşdirilməyib, ancaq ehtimal ki, biri də “MiQ-31” tipli təyyarə olub. Hərbi qarşıdurma, əsasən, nəzarət xətti boyu baş verib və Pakistan tərəfi bir neçə Hindistan hərbçisini əsir götürüb. Eyni zamanda, Pakistan yer-yer tipli uzaqmənzilli raketlərdən istifadə etməklə Hindistanın bir briqada qərargahını və bir neçə mühüm mövqeyini sıradan çıxarıb. Hindistan ordusunun bəzi bölmələri mövqelərini tərk edib, bəzi hallarda isə Pakistan qüvvələri tərəfindən nəzarətə alınıb. Ümumilikdə, iki fərqli bölgədə Hindistan hərbi kontingenti ciddi itkilər verib. Verilən məlumata əsasən, bu itkilərin sayı 60-70 nəfər arasında dəyişir. Hadisələr Pakistan ictimaiyyətində geniş rezonans doğurub. Xəbərlər yayıldıqdan dərhal sonra əhali vəziyyətə həssas reaksiya verib və silahlı qüvvələrə dəstək nümayiş etdirib”, - deyə Qulam Mustafa vurğulayıb.
Pakistan və Hindistan hərbi potensialı
Pakistanlı general iki ölkənin hərbi potensialını da müqayisə edib: “Pakistan Silahlı Qüvvələrinin aktiv şəxsi heyəti təxminən 700 min nəfərdir. Hindistan Silahlı Qüvvələri isə 1 milyon 400 min nəfər aktiv hərbçiyə malikdir. Bu baxımdan Hindistanın say üstünlüyü ikiqatdır. Quru Qoşunlarına gəldikdə, Pakistan Ordusu 2,537 əsas döyüş tankına və 4,619 artilleriya sisteminə sahibdir. Hindistan Ordusunda isə 3,740 əsas döyüş tankı və 9,743 artilleriya sistemi mövcuddur. Bu sahədə Hindistan həm texniki, həm də kəmiyyət baxımından üstünlük təşkil edir. Pakistan Hərbi Hava Qüvvələrinin tərkibində 452 döyüş təyyarəsi var. Bu təyyarələrə JF-17, F-16 və “Mirage” seriyaları daxildir. Hindistan Hərbi Hava Qüvvələri isə 730 döyüş təyyarəsinə malikdir. Onların sırasında “Su-30MKI”, “Rafale” və “MiG-29” kimi müasir təyyarələr yer alır. Dəniz qüvvələrində də Hindistanın üstünlüyü var. Pakistan Donanması 8 sualtı qayıq və 10 freqatdan ibarətdir. Hindistan Donanması isə 16 sualtı qayıq, 16 freqat, 11 esmines və 2 təyyarədaşıyan gəmi ilə təchiz olunub”.
General Qulam Mustafa nüvə qüvvələri sahəsində isə balanslı vəziyyətin müşahidə olunduğunu qeyd edib.
“Hindistanın 172, Pakistanın isə 170 nüvə başlığı mövcuddur. Bu, tərəflərin çəkindirici gücünün demək olar ki, eyni səviyyədə olduğunu göstərir. Pakistanın “ilk istifadə etməmə” prinsipini rədd etməsi və çəkindirici nüvə strategiyası ölkənin milli təhlükəsizliyinin əsas sütunlarından biridir. Nüvə sahəsində texnoloji yeniliklər və buraxılış sistemlərinin təkmilləşdirilməsi də Pakistanın mövqeyini möhkəmləndirir”, - deyə general bildirib.
Hindistanın texnologiyası, Pakistan əsgərinin bacarığı
Hindistanın texnologiyası və yeni əldə etdiyi silahları ilə bağlı Qulam Mustafa qeyd edib ki, əsas məsələ texnologiya əldə etmək deyil, onu səmərəli şəkildə tətbiqidir: “Əsgərlər, hava qüvvələri və dənizçilər müasir texnologiyanı effektiv şəkildə istifadə etmək üçün xüsusi təlimlər almalıdır. Dünən gecə bu fərq açıq şəkildə üzə çıxdı, çünki Pakistan Silahlı Qüvvələri tədricən özlərini çox güclü döyüş maşınına çevirirlər. Bu, Rusiyanın döyüş metodlarına əsaslanmır; əksinə, yalnız müdafiə məqsədli yanaşma ilə həyata keçirilir. Onlar yalnız yeni texnologiyanı əldə etmək və mənimsəmək deyil, həm də onu düzgün istifadə etmək bacarığını əldə edirlər. Dünən gecə bu prosesin nəticəsi olaraq Hindistanın silahları və hücumları sərhəd xətti boyunca effektiv şəkildə susduruldu. Pakistanın hava qüvvələri, sayı baxımından zəif olmalarına baxmayaraq, Hindistan təyyarələrini vurmağı bacardılar. Hindistanın məqsədi beynəlxalq icmanı təəccübləndirmək və özünü regional güc olaraq təsdiqləmək idi. Onlar artıq özlərini regional güc kimi qiymətləndirir və qlobal güc olmağı hədəfləyirlər. Bu, Hindistanın megalomaniyaya meyli və güc əldə etmək arzusunun göstəricisidir. Hindistan başa düşmür ki, yalnız say məsələsi deyil, başqa mühüm faktorlar da mövcuddur. Onlar unudurlar ki, saydan daha əhəmiyyətli olan bir şey var: insanlar. Suallarınıza cavab verdiyim bu anda Pakistan xalqının necə ayağa qalxıb, öz ölkəsinə, silahlı qüvvələrinə dəstək olduğunu düşündükdə, emosional olaraq çox təsirlənirəm”.
Pakistanın konvensional qüvvələri Hindistan üçün ciddi təhdiddir
General vurğulaylb ki, Pakistanın konvensional silahlı qüvvələri – Dəniz Qüvvələri, Hava Qüvvələri və Quru Qoşunları - Hindistanın ciddiyə almalı olduğu gücdür: “Pakistan yaxşı təşkil olunmuş üçtərəfli silahlı qüvvələrə malikdir və bu, güclü müdafiə qüvvəsi yaradır. Pakistan lazım gələrsə, Hindistanın hücumuna cavab verərək, öz potensialından istifadə edib qarşı tərəfə ciddi zərər verə bilər. Pakistanda, əsasən, müdafiə qüvvəsidir, biz yalnız öz sərhədlərimizi və ideologiyamızı qorumağa çalışırıq. Bu sərhədlər Pakistanın hər bir vətəndaşı üçün çox vacibdir. Buna görə də, bizim konvensional qüvvələrimiz - Dəniz Qüvvələri, Hava Qüvvələri və Quru Qoşunları həm bacarıqlıdır, həm də bu bacarığı yaxşı anlayıb istifadə etməyə qadirdir. Buna görə də Hindistanın irəliləyə bilməməsi başa düşüləndir. Hindistan dünən gecə ciddi zərər gördükdən sonra mən şəxsən düşünürəm ki, iki ölkə arasında tam müharibə baş verə bilər, çünki beynəlxalq ictimaiyyət Hindistanı dayandıra bilməyib. Dünən gecə Trampın reaksiyası, nə dediyindən asılı olmayaraq, ABŞ rəhbərliyinin bu məsələyə təsirini göstərdi”.
Qardaş ölkələrin dəstəyi Pakistan üçün ümiddir
Pakistanlı general qeyd edib ki, Qərb gücləri Hindistanı hər yöndən dəstəkləsə də, Pakistan üçün ən böyük ümid mənbəyi dost ölkələrin dəstəyidir: “Biz, Türkiyə, Azərbaycan, Banqladeş, Çin və digər ölkələrin Pakistanı hər sahədə dəstəkləməsini yüksək qiymətləndiririk. Bu həmrəylik, qarşılaşdığımız çətinliklərə qarşı dayaq və güc qaynağımızdır, eyni zamanda bizə doğru yolda irəliləmək üçün böyük motivasiya verir. Çin, əlbəttə, Pakistanı hər yöndən dəstəkləyir. Bəzi ölkələr isə bizə hədsiz təmkinli olmağımızı tövsiyə edir. Təəssüf ki, illər boyu öz təsir imkanlarından istifadə edərək Hindistanı sakitləşdirmək əvəzinə, indi Pakistanı təmkinli olmağa çağırırlar. Əslində, onlar Pakistanın imkanlarını məhdudlaşdırmağa çalışırlar. Deyirlər ki, həm Pakistan, həm də Hindistan təmkinli olmalıdır. Lakin Hindistan Pakistanı hədəf alıb hücum edirsə, Pakistan necə təmkinli ola bilər? Pakistan, sadəcə, geri çəkilməli, döyülməli, taleyi ilə barışmalı etməli və ya boyun əyməlidir? Xeyr, bu olmayacaq. Pakistan, özünü hər cür müdafiə edəcək. Bir daha etiraf etməliyəm ki, Türkiyə, Azərbaycan, Banqladeş kimi qardaşlarımıza açıq dəstəkləri üçün çox minnətdarıq. Biz kiməsə hücum etmək məqsədimiz yoxdur, amma Pakistan Hindistana hər an layiqli cavab verəcək”.
Azərbaycan-Pakistan: Çətin günlərin sınağından çıxan qardaşlıq
Qulam Mustafa Pakistanın Azərbaycan xalqı ilə dostluğunu hər zaman dəyərli hesab etdiyini xüsusi vurğulayıb: “Pakistan və Pakistan xalqı, mən də daxil olmaqla, azərbaycanlı qardaşlarımıza öz dərin minnətdarlığımızı bildiririk. Onlar heç bir tərəddüdsüz, açıq şəkildə Pakistanın yanında durdular, Pakistan xalqına, həmçinin, Pakistan Silahlı Qüvvələrinə dəstək verdilər. Bu, yalnız dostluq və həmrəylik deyil, eyni zamanda çətin anlarda bir-birinə kömək edən iki qardaş ölkə arasında güclü bağların təcəssümüdür. Pakistan bu dəstəyin əhəmiyyətini dərindən qiymətləndirir, biz bu köməyi heç vaxt unutmayacağıq. Azərbaycan xalqı ilə bu dostluğumuz bizim üçün hər zaman dəyərli olacaq”.