Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Ölkəmizin qoşulduğu ilk beynəlxalq konvensiyalardan bir neçəsinin məhz qadın və uşaq hüquqları ilə bağlı olması bu məsələyə verilən önəmin bariz göstəricisidir. Həmin sənədlər milli qanunvericiliyin təkmilləşdirilməsinə, yeni hüquqi mexanizmlərin formalaşdırılmasına və zorakılıqla mübarizəni hədəfləyən ümumi prinsiplərin tətbiqinə mühüm təkan vermişdir.
Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi kimi mühüm məsələlər Ümummilli Liderin daim diqqətində olmuşdur. "Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm", - deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə bu istiqamətdə yürüdülən siyasət yeni forma və məzmun qazanmış, həmin sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndər qeyd etmişdir: "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır".