2-ci Liqanın 24-cü turu çərçivəsində dünən baş tutan oyunda "Füzuli"ni 3:0 hesabı ilə darmadağın edən "Şəmkir" turnir cədvəlinin 4-cü pilləsinə yüksəldi. Vüqar Nadirovun baş məşqçi postuna gəlişindən sonra adından söz etdirən bölgə təmsilçisinin 1-ci Liqada 9-cu yeri tutacaq komanda ilə pley-off oynamaq şansı yaranıb. Düzdür, hazırda 44 xalı olan "Şəmkir"in ən yaxın təqibçisi "Haypers Quba" (42 xal) bu gün qələbə qazana və 4-cü yeri qərblilərin əlindən ala bilər. Amma bu fakt belə, Azərbaycan millisinin sabiq hücumçusunun çalışdırdığı kollektivin mübarizəni 4-cü pillədə başa vurmaq ehtimalının üzərindən xətt çəkmir. Nadirovla əlaqə saxlayıb bu barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Komandanı götürəndə qarşımıza bu mövsüm pley-off oynamaq hədəfi qoymamışdıq. Məqsəd yaxşı heyət formalaşdırıb növbəti mövsüm 1-ci Liqaya yüksəlməyə çalışmaq idi. Uğurlu nəticələrin sayı artdıqca belə bir vəziyyət yarandı. Rəqibin kimliyindən asılı olmayaraq, bütün matçlara qələbə üçün çıxırıq. Futbol azarkeşlər üçün oynanılır. Biz də hər oyunda tərəfdarlarımızı sevindirməyi hədəfləyirik. Yəni sonadək mübarizə aparacağıq. İştah diş altındadır. Pley-offda oynamaq şansı yaranıbsa, təbii ki, bundan istifadə etməyə çalışacağıq. Başqa komandaların nəticələrinə önəm vermirik. Sonda necə olacağını zaman göstərəcək. Bizi yalnız öz oyunumuz maraqlandırır".
Nihat