
Suriya Müvəqqəti Hökumətinin prezidenti Əhməd əl-ŞaraaAvropaya ilk səfərini Parisə edir. Lakin hələ də adı terrorçular siyahısında olan Şaraa bu görüşü keçirmək üçün BMT-dən xüsusi icazə almalı olub.
Reyting.az xəbər verir ki, Suriya Müvəqqəti Hökumətinin prezidenti Əhməd əl-Şaraa çərşənbə günü Parisə gedib. Bu, dekabrda Bəşər Əsədin devrilməsindən sonra onun Avropaya ilk rəsmi səfəridir.
Şaraa vətəndaş müharibəsi nəticəsində dağılmış ölkəsində sabitliyi bərpa etmək üçün beynəlxalq dəstək axtarır. O, bu məqsədlə Fransa prezidenti Emmanuel Makronla görüşmək istəyir.
Xatırladaq ki, Şaranın adı terrorçuların siyahısında qalır, çünki o, əvvəllər “Əl-Qaidə” ilə əlaqəli “Heyət Təhrir əl-Şam” silahlı qruplaşmasına rəhbərlik edib.
Fransa rəsmiləri görüşdə Suriyanın suverenliyi və təhlükəsizliyinin müzakirə ediləcəyini açıqlayıblar. Bundan əlavə, ələvilərə və druzlara qarşı son hücumlardan sonra azlıqların müdafiəsi, İŞİD-ə qarşı terrorla mübarizə, humanitar yardımların koordinasiyası və sanksiyaların yumşaldılması kimi məsələlər də gündəmdə olacaq.
Qeyd edək ki, bu səfər Qərb dünyasından Şaraaya ilk böyük diplomatik dəstəkdir. Birləşmiş Ştatlar hələ də Şaraa hökumətini tanımır və mövcud sanksiyaları qüvvədə saxlayır.
E. KAMAL