Bakıda çoxmənzilli binalarda yaşayan vətəndaşlardan tez-tez "JEK pulu" adı altında müxtəlif ödənişlər tələb olunur.
Far.Az xəbər verir ki, bu ödənişlərin qanuniliyi və hansı hallarda ödənilməli olduğu vacib məsələdir.
Vətəndaşlar hansı halda və hansı xidmətə görə ödəniş vermək məcburiyyətindədir?
İqtisadçı-ekspert Xalid Kərimli Far.Az-ə açıqlamasında bildirdi ki, vətəndaşlardan tələb olunan ödəniş blokların təmizlənməsi, liftlərə göstərilən xidmət, binanın həyətinin təmiz saxlanması, eyni zamanda zibillərin daşınması ilə əlaqəlidir:
"Bu xidmətlərin heç biri pulsuz deyil və ona görə vətəndaş bəlli miqdarda ödənişi etmək məcburiyyətində qalır. Bu xidməti göstərən həm dövlət qurumu, həm də fərdi MTK-lar göstərilən xidmət müqabilində vətəndaşdan ödəniş alır.
Vətəndaşların etdiyi ödənişlər həmçinin qurum və ya MTK-də çalışan işçilərin əməkhaqqlarını da formalışadırır. Əgər binaların təmiz saxlanması, küçələrin süpürülməsi, zibillərin daşınması və digər xidmət göstərilirsə, təbii ki, buna görə ödəniş olunmalıdır. Əks təqdirdə bu xidmətlər göstərilməyəcək. Heç bir vətəndaş əlinə süpürgə alıb həyəti süpürmür, zibilləri könüllü şəkildə daşınmasını təşkil etmir. Əgər bu xidmət varsa, deməli buna görə ödəniş də edilməlidir".
Bakıda çoxmənzilli binalarda yaşayan sakinlərdən toplanan "JEK pulu" ilə bağlı qanunvericilikdə nəzərdə tutulan rəsmi tariflər belədir:
Mənzil (xidmət) haqqı:
Tam kommunal təminatlı mənzillərdə hər 1 kvadrat metrə görə ayda 2 qəpik.
Bu tarif həm dövlət, həm də özəlləşdirilmiş mənzillərə aiddir və binaların saxlanması üçün nəzərdə tutulub.
Zibil haqqı (bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi):
2024-cü il iyulun 1-dən etibarən adambaşına ayda 1 manat müəyyən olunub.
Bu məbləğ əvvəlcə ayda 30 qəpik idi və Tarif Şurasının qərarı ilə artırılıb.
Qeyd edək ki, bu xidmət haqları hər ay mənzil-istismar sahələri tərəfindən təqdim olunan rəsmi qəbzlər əsasında tam və vaxtında ödənilməlidir. Ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 nömrəli qərarına və Tarif (Qiymət) Şurasının son qərarına uyğun aparılır.
Orxan Hüseyn