"Ukrayna bir çox şərtlərlə atəşkəsə razılıq verib, baxmayaraq ki, onların bəziləri Kiyevə xoş deyil..."
Ukrayna ABŞ tərəfindən təklif olunan hərtərəfli atəşkəslə razılaşıb. Lakin əsas maneə Rusiya diktatoru Vladimir Putindir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" nəşrinə bəyan edib.
O, bildirib ki, Ukrayna bir çox şərtlərlə atəşkəsə razılıq verib, baxmayaraq ki, bu şərtlərin bəziləri Kiyevə xoş deyil. Əvəzində isə Rusiya ABŞ-ın təşəbbüsünü faktiki olaraq rədd edib.
"Ukraynalılar quru, su və hava məkanında hərtərəfli 30 günlük bir atəşkəsə razılaşıb, bu müddət uzadıla da bilər. Onlar bunu bu gün istəyirlər, - Kelloq deyib.
"Biz iki həftə öncə Londondan qayıtdıq, orada "qətiyyətlilər koalisiyası" - britaniyalılar, fransızlar və almanlarla danışdıq, onlar bu çoxsaylı şərtlərlə təklif olunan hərtərəfli atəşkəsə hazır olduqlarını bildirdilər. Ukraynalılar da buna razıdır", - Kelloq bəyan edib.
Xüsusi nümayəndə etiraf edib ki, Ukraynanın bütün şərtləri bəyənmədiyi doğrudur, lakin "biz elə bir yoldayıq ki, bu istiqamətdə irəliləmək lazımdır". Kelloq əlavə edib ki, tərəflər mümkün bir atəşkəsə "yaxındır":
"Mən düşünürəm ki, biz çox yaxınıq. Nəticə gətirə biləcək yeganə şəxs prezident Trampdır. Amma bu, Putinin razılığı ilə mümkündür. Düşünürəm ki, hazırda tərəqqiyə gedən yoldakı əsas maneəmiz razılaşmayan Rusiya prezidentidir".
ABŞ-ın Ukraynada sülh yaratmaq səyləri
Ağ Evə qayıtdıqdan sonra Donald Tramp dəfələrlə Ukraynadakı müharibənin dayandırılmasına və Kiyev ilə Moskva arasında sülh danışıqlarına başlamağa çağırıb.
O, uzunmüddətli döyüşlər və yüksək insan itkisi ilə bağlı narahatlığını ifadə edərək, bombardmanların və hər həftə minlərlə gəncin ölümünün dayandırılmasının vacibliyini vurğulayıb. Tramp həmçinin qeyd edib ki, həm Rusiya, həm də Ukrayna münaqişənin başa çatmasında maraqlıdır.
Lakin Tramp administrasiyası ilə aparılan danışıqlarda Rusiya Ukraynanın NATO ilə hərbi əlaqələrini kəsməsi və məhdud ordusu olan neytral statusa keçməsi kimi qəbuledilməz tələblər irəli sürüb. Bir neçə gün öncə Tramp Rusiyanı real sülh danışıqlarına başlamayacağı təqdirdə sanksiyalarla hədələyib.