AZ

“Qarabağ” PSJ-dən qələbə gözləyir

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, PSJ – “Arsenal” matçının nəticəsi Azərbaycan çempionu "Qarabağ" üçün də önəm daşıyır.

Parisdəki görüş Qurban Qurbanovun yetirmələrinin Çempionlar Liqasındakı taleyini müəyyənləşdirə bilər. Ağdam klubuna Fransa çempionunun iki oyunun yekunundakı qələbəsi lazımdır.

Əgər PSJ mərhələni keçsə, “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinə 1-ci deyil, 2-ci təsnifat mərhələsindən başlayacaq. Bir sözlə, çempionumuz parislilərlə eyni vaxtda mərhələ adlamış kimi olacaq.

Çünki belə olsa, finalda “İnter”lə PSJ oynayacaq. Bu komandaların ikisi də artıq Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Bu da o deməkdir ki, turnirin qalibi olacaq komanda artıq növbəti mövsüm üçün yerini təmin edib.

Belə olduğu üçün Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı klublardan ən yüksək reytinqlisi birbaşa Liqa mərhələsinə yüksələcək. Bu da Yunanıstan çempionu “Olimpiakos”dur.

Pirey təmsilçisi əslində 2-ci təsnifat mərhələsindən mübarizəyə başlamalıdır. Lakin Çempionlar Liqasını başı üzərinə qaldıracaq komandanın turnirə vəsiqəni artıq qazanmış olması “Olimpiakos”u Liqa mərhələsinə daşıyacaq.

2-ci təsnifat mərhələsində bir komandanın azalması isə ilk raundda oynamalı olan klublara təsir edəcək. Buradan iki ən reytinqli komanda növbəti mərhələyə keçiriləcək. Yalnız “Slovan”la müqayisədə reytinqi aşağı olan “Qarabağ” ikinci nəticə ilə ilk raunddan azad ediləcək.

Bu, ilk belə hadisə deyil. Cari mövsümdən tətbiq olunan yenilikdən bir dəfə də faydalanan “Qarabağ” yarışa II təsnifat mərhələsindən başlamışdı.

Mərhələni PSJ-nin deyil, “Arsenal”ın adlaması da Azərbaycan çempionunun 2-ci təsnifat mərhələsinə keçrilməməsi anlamına gəlmir. Bunu bacaracağı halda “topçular” Premyer Liqanın qarşıdakı turlarında Çempionlar Liqasına vəsiqə verən yerlərdən birini təmin edən kimi “Qarabağ”la “Slovan”ı 2-ci təsnifat mərhələsinə daşıyacaq. Finişə 3 tur qalmış 67 xalla 2-ci olan londonlular növbəti oyunda bu vəzifənin öhdəsindən gələ bilər.

Əgər “Arsenal” PSJ-ni keçsə, amma çempionatdan Çempionlar Liqasına vəsiqə qazana bilməsə, “Qarabağ”ın ümidləri finala bağlanacaq. Onda təmsilçimizin mərhələdən azad olması mayın 31-də “İnter”in londonluları məğlub etməsindən asılı olacaq.

Qeyd edək ki, PSJ - “Arsenal” görüşü saat 23:00-da başlayacaq. Londondakı ilk qarşılaşmada parislilər 1:0 hesablı qələbə qazanıb.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
0
1
idman.biz

1Mənbələr