AZ

Banklarda əmanət yerləşdirmək istəyənlərə VACİB XƏBƏR: “Əgər məbləğ 100 min manatdan çoxdursa…”

“Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri müəyyən şərtlər daxilində sığortalanır. Hazırda milli valyutada yerləşdirilən əmanətlər üçün qorunan maksimal məbləğ 100 min manatdır. Əgər vətəndaş bankda 100 min manatı 12%-ə qədər (daxil olmaqla) illik faizlə yerləşdiribsə, bu əmanət tam şəkildə sığortalanır. Lakin faiz dərəcəsi 12%-i keçərsə, həmin əmanət artıq qorunan hesab olunmur və riskli seçim sayılır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov səsləndirib.

Yeni

“Əgər vətəndaş bankda 150 min manat məbləğində əmanət yerləşdiribsə, yalnız onun 100 min manatlıq hissəsi qorunur. Qalan 50 min manat hissə isə sığorta çərçivəsinə daxil deyil.

Xarici valyutada yerləşdirilən əmanətlər üçün isə maksimal illik sığorta faizi 2.5-dir. Məsələn, vətəndaş 50 min ABŞ dolları banka əmanət kimi yerləşdiribsə və bu, manat ekvivalenti ilə 85 min edirsə, bu zaman həmin əmanət 2.5%-dən yüksək olmayan faizlə qorunur. Lakin əgər illik faiz 3% və ya daha çox olarsa, artıq əmanət sığortalanmır.

Bundan əlavə, valyuta məzənnəsində baş verən dəyişikliklər risk yaradır. Məsələn, vətəndaş 50 min dolları banka qoyanda bu 85 min manat idi. Lakin bank bağlandığı anda devalvasiya baş veribsə və həmin 50 min dollar 120 min manata bərabər olubsa, bu halda fond yalnız 100 min manatadək məbləği kompensasiya edir”.

İqtisadçı bildirir ki, qanunvericiliyə əsasən, bank bağlandığı zaman Əmanətlərin Sığortalanması Fondu əmanətçinin pulunun qorunan hissəsini 1 ay ərzində kompensasiya etməlidir. Lakin kompensasiya məbləği 100 min manatdan artıq ola bilməz.

“Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, xarici valyutada əmanət yerləşdirərkən məbləği 100 min manat ekvivalentindən az saxlasınlar. Əgər daha çox məbləğdə pul yerləşdirmək istəyirlərsə, bu vəsaiti bir neçə banka bölmək və ya ailə üzvlərinin adlarına yerləşdirmək məsləhətdir.

Qeyd edək ki, son vaxtlar bəzi banklar dollarla əmanətlər üzrə 2.5-dən yüksək faizlər təklif edir. Lakin vətəndaşlar bilməlidirlər ki, bu halda əmanətləri sığortalanmır.

Eyni zamanda daha az risk üçün pulları iri, sabit və etibarlı banklara qoymaq tövsiyə olunur. Çünki onların bağlanma ehtimalı daha azdır”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr