ABŞ prezidenti Tramp uzun müddətdir ki, Qrenlandiyanı ələ keçirmək planından danışır. İstila planının ilk böyük addımı olaraq kəşfiyyat orqanlarına casusluq fəaliyyətlərini artırmaq tapşırıldı.
Amerikanın “The Wall Street Journal” qəzeti MKİ, Müdafiə Kəşfiyyat Agentliyi və Milli Təhlükəsizlik Agentliyi kimi qurumların Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatı toplayan mesajlar aldığını bildirib.
***
Məlumata görə, kəşfiyyat məlumatlarının toplanması səylərinin bir hissəsi Tramp administrasiyasının adanı ələ keçirmək planını dəstəkləyən şəxslərin müəyyən edilməsinə yönələcək.
Bu səylərə ABŞ casus peyklərinin istifadəsi, rabitə vasitələrinin ələ keçirilməsi və insan kəşfiyyatı daxil ola bilər.
***
Administrasiyanın kəşfiyyat qərarı Trampın adanı ələ keçirmək cəhdini irəli sürmək üçün atdığı ilk böyük addımlardan biri kimi qiymətləndirilir.
Həftə sonu “NBC News”a müsahibə verən Tramp, “Bizə Qrenlandiya çox lazımdır. Adada çox az sayda insan var, biz onların qayğısına qalacağıq. Ada sakinlərini qoruyacağıq. Amma beynəlxalq təhlükəsizlik üçün bu lazımdır”, – deyib.
O, əlavə edib ki, adanın hərbi gücdən istifadə etməklə ilhaqı variantını “istisna etmir”.
***
Vitse-prezident Ceyms Vens mart ayında adaya səfər edib və oradakı ABŞ bazasını gəzmişdi.
Tramp Kanadanın baş naziri Mark Karninin bu yaxınlarda Ağ Evə səfəri zamanı ekspansionist yanaşmasını davam etdirərək, Kanadanın Amerikanın 51-ci ştatı ola biləcəyinə bir daha işarə vurmuşdu.