Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Baykar süni intellektlə təchiz olunmuş ən son zərbə dronu “Bayraktar TB2T-AI” üzərində sınaqları uğurla davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət X (keçmiş Twitter) sosial şəbəkəsində rəsmi məlumat yayıb.
Verilən məlumata əsasən, “Bayraktar TB2T-AI” 9-cu sınaq uçuşunda növbəti uğura imza atıb. Turbo mühərriklə təchiz olunmuş və süni intellekt texnologiyası ilə idarə olunan bu yeni nəsil pilotsuz uçuş aparatı özünün əvvəlki rekordunu yeniləyib, 37 096 fut (təxminən 11 307 metr) hündürlüyə qalxaraq mühüm nəticəyə nail olub. Sınaq uçuşu Türkiyənin Keşan bölgəsində həyata keçirilib.
Bu yeni model, mövcud dronlarla müqayisədə daha sürətli yüksəliş qabiliyyətinə və yüksəkdə daha uzun müddət havada qalmaq imkanına malikdir. Eyni zamanda, 300 km/saat-dan artıq sürətlə hərəkət edərək hava üstünlüyünü qorumaqda və döyüş sahəsində effektiv mövqeyini gücləndirməkdə mühüm rol oynayır.
Yüksəldilmiş uçuş çəkisi və daşıma qabiliyyəti sayəsində “Bayraktar TB2T-AI” döyüş meydanında daha uzunmüddətli və effektiv əməliyyatlar üçün nəzərdə tutulub. Bu isə onu gələcəyin texnologiyalarına əsaslanan, yüksək manevr imkanına malik strateji bir silaha çevirir.
Baykar şirkətinin bu uğuru təkcə Türkiyə üçün deyil, bütövlükdə regionda texnoloji müstəqilliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından əlamətdar addım hesab olunur.
Bizim.Media