Səbail rayonu, Salman Mümtaz 34 ünvanında yerləşən və sakinlər arasında daha çox “Çernyaxovski” kimi tanınan ərazidə yenidənqurma işləri çərçivəsində söküntü planlaşdırılıb. Lakin söküntü planına düşən binaların sakinləri verilən kompensasiyaların məbləğindən və hesablanma qaydasından ciddi narazılıq edirlər.
News365.az xəbər verir ki, yaşayış binalarının fasadında çatlar, köhnəlmiş divarlar və ümumi qəzalı görüntü olsa da, sakinlər bildirirlər ki, evlərin daxili təmirli və yaşamaq üçün yararlıdır. Onlar iddia edirlər ki, məhz bu səbəbdən ərazi qəzalı elan olunaraq plana salınıb. Lakin kompensasiyaların məbləği ümidləri doğrultmayıb.
Sakinlərdən biri bildirir: “Evimin sahəsi 50.3 kvadratmetrdir. Ancaq 77 min manat təklif ediblər. Bu pulla ev almaq mümkünsüzdür.” Başqa bir sakin isə deyir: “Bizə elə bir məbləğ desinlər ki, heç olmasa ev ala bilək. Yoxsa küçədə qalmaq məcburiyyətində qalacağıq.”
Onların sözlərinə görə, təklif olunan məbləğlər mənzilin bazar dəyərinə uyğun deyil, əlavə tikililər və illərlə çəkilmiş təmir xərcləri nəzərə alınmayıb. “27 kvadratmetr evimə 40 min 578 manat verirlər. Halbuki mətbəx də artırmışam, onu da nəzərə alsalar ən azından 54 min alaram ki, bu məni qane edər,” – deyə sakinlərdən biri bildirir.
Digər bir sakin isə deyir ki, ona kvadratmetrə görə 1550 manat təklif olunub, amma bu qiymətlə heç şəhərin kənarında belə mənzil almaq mümkün deyil. “Mənə 48 min manat yazılıb. Bu pulla nə ev, nə də torpaq ala bilirəm,” – deyə o qeyd edir.
Bəzi sakinlər isə bank kreditlərinin qaytarılmadığını və təmir işlərinə xeyli xərc çəkdiklərini vurğulayırlar: “2023-cü ildə evimi təmir etmişəm, 15 min manat kredit götürmüşəm. İndi isə evi sökürlər, amma mən hələ də banka borc ödəyirəm.”
Şikayətçilər əlavə edirlər ki, bu ərazinin plana düşməsi ilə ətrafdakı evlərin qiymətləri də süni şəkildə artırılıb. “İndi burdakı evlərə 130 min manat deyirlər. Mən onu hardan tapım, oğurluq edim?”
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Salman Mümtaz 34 ünvanında yerləşən 15 mənzil üzrə kompensasiya artıq ödənilib və köçürülmə həyata keçirilib. Digər mənzillərlə bağlı notarial razılaşma müqavilələrinin bağlanması və ödənişlərin edilməsi nəzərdə tutulur. Qurum qeyd edib ki, “Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsasən, qəzalı binalarda yerləşən mənzillərin hər kvadratmetr üzrə dəyəri müstəqil qiymətləndirici şirkətlərin təqdim etdiyi qiymətlər əsasında müəyyən olunur.