Hüquq müdafiəçisi Novella Cəfəroğlu MSK sədri Məzahir Pənahovun “çox tərbiyəsiz oğul böyütdüyünü” deyib. Bunu ona görə deyib ki, Pənahovun ABŞ-də yaşayan oğlu öz arvadını döyüb, o da Bakıya qayıdaraq, boşanma üçün məhkəməyə müraciət edib. Buna adi ailə-məişət hadisəsi kimi baxanlar var və Azərbaycan reallığında belə hallara tez-tez rast gəlinir. Lakin söhbət Azərbaycanda seçkilərin etibar edildiyi ən yüksək qurumun başçısının oğlundan gedərkən, məsələ bir qədər fərqli görkəm alır və belə görünür ki, Azərbaycanda “nümunəvi seçki keçirən” Pənahov öz evində nümunəvi övlad böyüdə bilməyib...
Əlbəttə, haramçılıqla, saxtakarlıqla, talançılıqla, rüşvətlə “dolanan” ailələrdə tərbiyəli övlad ərsəyə gətirmək çətin işdir və görünür, Məzahir Pənahovda da bu, bir çox iri məmurlarda olduğu kimi, alınmayıb. Onun oğlu isə bir növ Azərbaycanda öyrəşdiyi cəzasızlıq mühitini özü ilə birgə ABŞ-yə daşıyıb...
Ancaq məsələnin məişət, tərbiyə, ailədaxili münasibətlər və s. tərəfini bir kənara qoysaq, maraqlı olan həm də kütləvi olaraq Azərbaycan məmurlarının öz ailə üzvlərini, yaxınlarını, övladlarını illərdir xaricə ötürməsi, orada milyonlarla dəyəri olan mülklər alması, bizneslər qurması və bütün bunlara adi hal, sanki “belə də olmalıdır” kimi baxılmasıdır. Bu hadisədən bəlli oldu ki, Pənahovun oğlu ABŞ-də azı 2 milyon dollar dəyəri olan villada yaşayır.
Bəs, Rusiyaya alma satan azərbaycanlı fermerdən satdığı malın puluna dair qəpiyinədək hesabat istəyən, halal pulunu ölkəyə qaytarıb gətirmədiyi üçün onu həbs edən, kiçik və orta sahibkarı addımbaşı vergilərlə, cərimələrlə “boğazını üzməyə” hazır olan, sıravi vətəndaşı xırda qanun pozuntusuna görə “divara dirəyən” müvafiq hakimiyyət orqanları məzahirlərin, hacıbalaların, ziyaların, eldarların, yaqubların və digər sabiq və indiki iri məmurların bu ölkədən talayıb xaricə qaçırdıqları milyonları, yüzmilyonları, milyardları, onların həmin pulla lyuks həyat sürən övladlarını niyə görmür?
Allah Şükür Paşazadədən Yaqub Eyyubova, Hacıbala Abutalıbovdan Elman Rüstəmova, Eldar Mahmudovdan Elmar Məmmədyarova, Ziya Məmmədovdan İsmət Abbasova, Əli Həsənova, Oktay Şirəliyevə qədər və saydıqca bitməyən digərlərinin övladları Azərbaycandan oğurlanan milyonları, milyardları ilə birgə xaricdədirlər. Nəinki bunlar, üstəlik icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, bir sözlə, məmur elitasının böyük hissəsinin bir gözü, bəlkə də hər iki gözü xaricdə, Qərbdədir.
O da maraqlıdır ki, bu məmur övladlarının çoxu Məzahir Pənahovun oğlundan nə tərbiyəsinə, nə yaşam tərzinə, nə də digər “fərasətlərinə” görə nə artıqdır, nə də əskik. Sadəcə, səsləri Pənahovun oğlu qədər çıxmayıb. Demək olar böyük əksəriyyəti də uğurlu iş adamı, biznesmen ola bilməyiblər və həmişəki kimi, dədələrinin xarici bank hesablarındakı və Azərbaycandan göndərdiyi pullarla yaşayırlar.
Məsələn, son məlum hadisədən belə aydın olur ki, ABŞ-nin Los-Anceles şəhərində Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon dollardan artıq dəyəri olan lüks villada yaşayan Məzahir Pənahovun oğlunun bank hesabı mütəmadi olaraq atasının Azərbaycandan göndərdiyi pulla doldurulur ki, oğlu “qürbətdə korluq çəkməsin”. Ötən illər ərzində Hesablama Palatası Məzahir Pənahovun 25 ildir(!) sədrlik etdiyi MSK-da dəfələrlə böyük maliyyə çatışmazlıqları aşkarlayıb, amma heç bir tədbir görülməyib. İndi də bu pulların bir hissəsinin hara getdiyi məlum olur...
Özü də yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların demək olar hamısı oturub-durub rəsmi çıxışlarında Qərbi, Avropanı, Amerikanı pisləyənlər, onları başıpozuqluqda, ailə dəyərlərini, əxlaqı məhv etməkdə, pozğunluqda ittiham edənlərdir. Bir tərəfdən “Almaniya dağılır” deyib, digər yandan öz övladlarını Qərbə lyuks həyat sürməyə göndərənlərdir.
Bir sözlə, öz əməlləri ilə Azərbaycanda xalqın övladlarının gününü qara edənlər Qərbdə öz övladlarını ağ günə çıxarmaqla məşğuldurlar. Məzahir Pənahovun oğlu ilə bağlı olan və digər bu kimi hadisələr sabah yaddan çıxıb gedəcək, lakin belələrinin Azərbaycanı talayıb xaricə daşıması isə deyəsən, qaldıqca qalacaq...
Azpolitika.info
Telegram kanalımız