BAKI, 7 may. TELEQRAF
“U-16 milli komandasına futbolçuların cəlb olunması ilə bağlı "Sabah" Futbol Klubuna heç bir rəsmi müraciət daxil olmayıb”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
Klub rəsmisi 16 yaşadək futbolçulardan ibarət yığmanın Belarusla oyunlar üçün mayın 5-dən başlanan təlim-məşq toplanışına futbolçu dəvət olunmamasına belə münasibət bildirib: "Sabah" Futbol Akademiyası fəaliyyət göstərdiyi müddət ərzində bütün yaş qrupları üzrə müxtəlif milli komandalara çoxsaylı futbolçular göndərib və bu proses hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib.
Uşaq futbolunun inkişafı və gənc futbolçuların yetişdirilməsi klubumuzun əsas strateji hədəflərindəndir. Bu istiqamətdə görülən işlər davamlıdır və milli komandalara futbolçu vermək bizim üçün hər zaman qürur mənbəyi olub. Eyni zamanda, "Sabah" olaraq, Azərbaycan çempionatına və burada keçirilən bütün yarışlara yüksək dərəcədə hörmətlə yanaşırıq. Daxili yarışların keyfiyyətinin və rəqabətliliyinin artırılması ölkə futbolunun inkişafı üçün əsas şərtlərdən biridir və klubumuz bu baxışa sadiqdir”.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli isə U-16 milli komandasına "Sabah" klubundan futbolçuların çağrılmamasını belə əsaslandırıb: "Mllinin baş məşqçisi Aqil Nəbiyev bu dəfə seleksiya xarakterli toplanış keçirir və daha çox vaxtilə milliyə az çağrılan futbolçuları, tanınmayanları dəvət edib. "Sabah"ın oyunçuları 17 yaşadək milli komandamıza dəvət olunublar və Aqil Nəbiyev onların potensialına yaxşı bələddir. Ona görə də bu dəfəki toplanışda həmin oyunçulara dəvət göndərməyib".
Teleqraf-ın əldə etdiyi məlumata görə, əslində Aqil Nəbiyevin "Sabah"dan yığmaya oyunçu çağırmaması sırf texniki yanlışlıqlarla bağlıdır. Nəbiyev bu kluba da dəvət göndərmək istəsə də, müvafiq məktubun hazırlanaraq, ünvana çatdırılması prosesi yerinə yetirilməyib. Bu səbəbdən, AFFA rəhbərliyinin günahkarlara qarşı cəza tətbiq edəcəyi istisna deyil.
Qeyd edək ki, U-17 millisi mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.