Rəsmi Moskvanın açıqlamasına görə, mayın 9-da keçiriləcək Qələbə paradında 29 xarici ölkə liderinin iştirakı planlaşdırılıb. Rusiya paytaxtına gedəcək liderlərin siyahısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın da adı qeyd edilib.
Maraqlıdır, eyni tədbirdə iştirak edəcək Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilərmi?
Modern.az-ın məlumatına görə, 9 may tarixli Qələbə paradında liderlərin ayrı-ayrılıqda ikitərəfli təmasları nəzərdə tutulmayıb və buna dair hər hansı rəsmi açıqlama da yoxdur. Lakin bu cür tədbirlərin əvvəlki praktikasını nəzərə alsaq, onda Əliyevlə Paşinyan arasında mümkün görüş haqda ehtimal irəli sürmək olar.
Üstəlik Azərbaycan və Ermənistan liderləri arasında çoxdandır birbaşa təmas da qurulmur. İlham Əliyevlə Paşinyan arasında sonuncu görüş 2024-cü il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında baş tutub. Həmin görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmişdilər.
Liderlərin sonuncu görüşündən sonra ikitərəfli sülh gündəliyində xeyli dəyişikliklər baş verib. Belə ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.
Daha sonra Ermənistan Azərbaycanın irəli sürüdüyü digər iki şərtə də qismən razılaşıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda ATƏT-in Minsk qrupunin ləğv edilməsinə və konstitusiya dəyişikliyinə gediləcəyini bildirib. O, yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb.
Beləliklə, yeni reallıqları nəzərə alanda, ikitərəfli sülh gündəliyinin irəli aparılması üçün sözdən əmələ keçməyin vaxtı çatdığını qeyd etmək olar. Bütün bunlar isə Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünü labüd edir...
Ə.Qafarlı