BAKI, 7 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın impiçment edilməsi ölkədə ikili hakimiyyət olanda mümkündür, bu gün belə bir vəziyyət yoxdur.
Teleqraf xəbər verir ki, bunu parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Aqvan Vardanyan deyib.
Həmçinin onun sözlərinə görə, ölkədə hakimiyyətə güclü ictimai təzyiq olduqda impiçment mümkün ola bilər.
Vardanyan “Veto” hərəkatının rəhbəri Narek Malyan və sabiq səfir Edqar Qazaryan tərəfindən uyğun olmayan bir zəmində irəli sürülmüş təşəbbüsü “macəra və təxribat” adlandırıb:
“İndi belə bir təkliflə deputatlara müraciət etməklə “Ermənistan” fraksiyasını şantaj etməyə cəhd edilir. Bildirirlər ki, ya Robert Köçəryanın namizədliyini irəli sürməklə onu impiçment edin, ya da Robert Köçəryanın sizin namizədiniz olmadığını qəbul edin”.
Vardanyan sabiq prezident Serj Sərkisyanın hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamasına və onun “Şərəfim Var” fraksiyasının fəallığına da diqqət çəkib:
“Onların hakimiyyət dəyişikliyi planı var. Amma “Ermənistan” fraksiyası da həmişə bəyan edib ki, heç bir müxalifət qüvvəsi təkbaşına hakimiyyəti dəyişdirə bilməz. Ona görə də bu proqramın parlamentdə təqdim edilib-edilməyəcəyinə baxacağıq. Əminəm ki, indi bu plan impiçmentə başlamaqla bağlı deyil”.
Qeyd edək ki, Nikol Paşinyanın impiçmenti təşəbbüsünə Sərkisyan və Köçəryanın bloklarının yanaşmaları fərqlidir. “Ermənistan” indi bunun üçün zəminin olmadığını bəyan edərək təşəbbüsə qoşulmaqdan imtina etsə də, “Şərəfim Var” buna bir az fərqli yanaşır. Məsələ iki keçmiş müttəfiq arasında fikir ayrılığına və gərginliyə səbəb olub.
Təşəbbüsü irəli sürən Malyan və Qazaryan Serj Sərkisyana yaxınlığı ilə tanınır. Onların Köçəryana qarşı sərt bəyanat və ittihamları “Ermənistan” blokunda narazılıq yaradıb.