İrəvan sakini Paşinyanla bağlı yazıya şərh verdiyi üçün dindirilməyə çağırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın İstintaq Komitəsi baş nazir Nikol Paşinyan haqqında ölkə ərazilərinin təslim olması ilə bağlı yazıya şərh yazan erməni qadını dindirməyə çağırıb.
“Ermənistanın İstintaq Komitəsi 34 yaşlı İrəvan sakinini dindirilməyə çağırıb, buna səbəb baş nazir Nikol Paşinyanla bağlı yazıya şərh olub”, – media yazıb.
Veranın ərinin dediyinə görə, o, şahid qismində dindirilməyə çağırılıb, amma əslində o, şübhəli şəxsdir.
“Kim Ermənistana məxsus əraziləri təhvil verirsə, əlləri kəsilməlidir”, – qadın şərhində yazıb.
News.am mayın 6-da şübhəlinin ərindən sitat gətirib: “Həyat yoldaşım heç nə etməyib, sadəcə şərh yazıb, adamın söz azadlığını poza bilməzsən. İnsanlar bir-birini üzünə təhqir edir, arvadım isə onun şərhinə görə istintaqa çağırılır. Bu, insan hüquqlarının pozulmasıdır”.
Qadına göndərilən bildirişdə zorakılığa açıq çağırışlar, ictimai əsaslandırma və ya zorakılığın təbliği ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 330-cu maddəsinin 2-ci bəndi qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az