AZ

Regional qarşıdurmadan qlobal təhdidə

Dünyanın diqqəti hazırda Asiyanın iki nüvə dövləti olan Hindistan və Pakistan arasında dərinləşən qarşıdurmaya yönəlib. Münaqişə artıq lokal səviyyədən çıxaraq, müharibə səviyyəsinə yüksəlib. Tərəflər ballistik raketlərdən və aviasiyadan istifadə etməyə başlayıblar. Su resurslarının bölgədəki strateji əhəmiyyəti bu gərginliyi daha da artırır.

Hindistan özü də su çatışmazlığından əziyyət çəksə də, ərazisində Qanq, Brahmaputra və Pakistanın istifadə etdiyi Hind çayı kimi böyük su mənbələri mövcuddur. Hindistan son gərginliklər fonunda İnd çayı üzərindəki bəndləri bağlayaraq Pakistana qarşı "su təzyiqi" göstərməyə başlayıb. Cavab olaraq, Pakistan nüvə silahı ilə şantaja əl atıb. Obyektiv yanaşdıqda, hər iki ölkənin bu siyasəti beynəlxalq hüquq və insani prinsiplərlə ziddiyyət təşkil edir.

Geosiyasi baxımdan da hər iki ölkənin xarici siyasətində problemli məqamlar var. Hindistan beynəlxalq platformalarda tez-tez ədalətsiz mövqe sərgiləyir – məsələn, Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzkar mövqeləri dəstəkləməsi buna sübutdur. Pakistan isə xarici siyasətə dini çalarlar qatmaqla, regional sabitliyə özünəməxsus problemlər yaradır. Bununla belə, Pakistan Azərbaycanla münasibətlərində daha obyektiv yanaşma sərgiləyir və iki ölkə arasında hərbi əməkdaşlıq mövcuddur.

 

Münaqişənin tarixi konteksti

 

Bu münaqişənin kökündə dini amil dayanır. 1947-ci ildə Hindistan və Pakistan müstəqillik əldə edəndə, Kəşmir bölgəsi mübahisəli status aldı. Hakimi hindu, əhalisi isə əsasən müsəlman olan bu bölgə Pakistanın dəstəklədiyi silahlı qrupların hücumuna məruz qaldıqdan sonra Hindistana kömək üçün müraciət etdi və rəsmi qoşulma sənədini imzaladı. Nəticədə Hindistan və Pakistan arasında ilk Kəşmir müharibəsi başladı və BMT-nin vasitəçiliyi ilə atəşkəs əldə olundu. Kəşmir faktiki olaraq iki hissəyə bölündü: biri Hindistanın, digəri Pakistanın nəzarətində qaldı. BMT referendum təklif etsə də, bu səsvermə heç vaxt baş tutmadı.

 

Şimali Koreya və nüvə silahı: Pakistan əlaqəsi

 

Şimali Koreya ilk nüvə texnologiyasını 1950–60-cı illərdə Sovet İttifaqından əldə etsə də, real nüvə silahı istehsalında əsas dəstəyi Pakistandan alıb. Şimali Koreya 2006-cı ildə ilk nüvə sınağını həyata keçirdi və sonrakı illərdə bir neçə dəfə daha sınaq keçirdi. Bu prosesdə Pakistanlı alim Abdul Qadir Xan mühüm rol oynayıb.

 

Abdul Qadir Xan və Nüvə Yayılma Şəbəkəsi

 

Abdul Qadir Xan Hindistanın Bhopal şəhərində doğulmuş, daha sonra ailəsi ilə Pakistana köçmüşdür. Karachi Universitetində fizikadan bakalavr, Almaniyada metallurgiya üzrə magistr, Niderlandda Delft Texnologiya Universitetində ixtisaslaşmış və URENCO konsorsiumunda mühəndis kimi çalışmışdır. Son təhsilini Belçikanın Katolik Löven Universitetində doktorluq dərəcəsi ilə tamamlamışdır.

O, Pakistanın nüvə proqramının qurucusu olmaqla yanaşı, 1980–2000-ci illərdə dünyada qeyri-qanuni nüvə texnologiyası yayılmasında əsas fiqura çevrilmişdi. O, qaz sentrifuqalarının dizayn və texnologiyasını Pakistana ötürməklə bərabər, bu bilikləri İran, Liviya və Şimali Koreya kimi ölkələrə də yaymışdı.

Yardım edilən ölkələr:

İran: 1987-ci ildə sentrifuqaların texniki sənədləri və avadanlıqları verildi.

Liviya: Tam nüvə avadanlığı və başlıq dizaynları satıldı.

Şimali Koreya: Uran zənginləşdirmə texnologiyası ötürüldü və bu, onların nüvə sınaqlarına imkan yaratdı.

 

Şəbəkənin İfşası

2003-cü ildə Liviyanın nüvə proqramından könüllü imtinası zamanı Qərb ölkələri şəbəkəyə dair sənədləri ələ keçirdi. 2004-cü ildə Abdul Qadeer Khan Pakistan hökumətinin təzyiqi ilə televiziya qarşısında etiraf etdi, ev dustaqlığına salındı, lakin ona qarşı beynəlxalq məhkəmə prosesi açılmadı. Pakistan onu milli qəhrəman kimi qorudu. Bu fakt Pakistanın dövlət səviyyəsində nüvə texnologiyasının yayılmasında iştirakını göstərən ən ciddi sübutlardan biridir.

 

Nəticə

Nüvə silahı təkcə bir bölgə üçün deyil, bütün dünya üçün təhlükədir. Pakistan kimi daxili sabitliyi zəif olan ölkələrin belə silahlara sahib olması qlobal sülhə ciddi təhlükə yaradır. Eyni zamanda Hindistanın da nüvə gücündən siyasi təzyiq vasitəsi kimi istifadə etməsi beynəlxalq hüququ pozur. Bu səbəbdən, regional və beynəlxalq səviyyədə nüvə silahlarının yayılmasının qarşısını almaq prioritet məsələ olmalıdır.

Seçilən
0
vaxt.az

1Mənbələr