AZ

Naxçıvanda Prezident təqaüdçüsü Tərlan Musayevaya həsr edilən kitabların təqdimatı olub

Naxçıvan, 7 may, AZƏRTAC

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın “Ulu Öndərə mənəvi borcum”, Vaqif Osmanlının "Ulu Öndərin “canlı əsəri" Tərlan", Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayı" kitablarının təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri kitabxananın direktoru Tamella Əsgərova açaraq, Tərlan Musayevanın həyat və fəaliyyətindən danışıb.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbir haqqında geniş məlumat verib, birliyin milli mənəvi dəyərlərə önəm verməsindən, "Babamın papağa, nənəmin kəlağayı" kitabında toplanan şeir və nəsr nümunələrinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolundan söhbət açıb.

“Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının müəllifi, araşdırmaçı yazar, publisist Vaqif Osmanlı qeyd edib ki, tarix olduğu kimi yazılmalıdır. “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı Tərlan Musayevanın ömür və əmək yolunu, keçdiyi şərəfli yolun qürurverici məqamlarını özündə əks etdirir. Respublikamızda 70 illik yubileyi təntənə ilə qeyd edilən Tərlan Musayevanın şərəfli və çətin ömür yolunu özündə əks etdirən kitabı oxucular sevə-sevə oxuyacaq.

“Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi, “Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolunun, zəngin irsinin Azərbaycan xalqı üçün tükənməz miras olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair Asim Yadigar, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Culfa rayonu Kırna kənd Mədəniyyət evinin direktoru Sona Əsgərova, şəhid bacısı, milli dəyərlərimizin təbliğatçısı, quramaçı Aybəniz Camalova, şairə Sevinc Səbzəliyeva və başqaları kitablar haqqında təəssüratlarını bölüşüblər.

Sonra iştirakçılara kitablar təqdim edilib, Əmək qəhrəmanı Tərlan Musayevanın həyatına aid videoçarxa və milli papaqlar, qədimi kəlağayılar, quramalardan ibarət sərgiyə baxış olub.

Seçilən
0
1
azertag.az

2Mənbələr