AZ

12 illik təhsil sisteminə keçid: Zərurət, risklər və perspektivlər...

12 illik təhsil sistemi dünyada bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə tətbiq olunan ümumi orta təhsil modelidir.  Bu sistem şagirdlərə daha geniş və dərin biliklər əldə etməyə, fərdi inkişaflarını dəstəkləməyə, həm ali təhsilə, həm də əmək bazarına daha yaxşı hazırlıq imkanı verir. 12 illik təhsil sistemi şagirdlərin fərdi inkişafı, peşəyə və ali təhsilə hazırlığı baxımından daha əlverişli, müasir və beynəlxalq səviyyədə tanınan bir model kimi dəyərləndirilir. Bu sistem həm akademik, həm də praktik bacarıqların formalaşmasında daha effektlidir.

 

Hazırda dünyada 12 illik ümumi təhsili tətbiq edən ölkələrin sayı 170-i ötüb. 

 

ABŞ da orta təhsil 12 il davam edir və şagirdlər X–XII siniflərdə ixtisaslaşmağa başlayırlar.  Ali təhsilə hazırlıq üçün müxtəlif proqramlar mövcuddur.

 

Finlandiya 12 illik təhsil sistemi tətbiq olunur və şagirdlər son iki ildə seçmə fənlər üzrə təhsil alırlar.  Bu, onların universitetdəki ixtisas seçimlərinə daha yaxşı hazırlıq imkanı yaradır.

 

Cənubi Koreyada 12 illik təhsil sistemi tətbiq olunur və şagirdlər yüksək akademik standartlara uyğun təhsil alırlar.

 

Polşada 12 illik təhsil sistemi tətbiq olunur və şagirdlər müxtəlif ixtisas sahələrində təhsil alırlar.

 

Qazaxıstanda 2003-cü ildən etibarən 12 illik təhsil sisteminə keçid planı hazırlanıb.  Məqsəd, təhsil keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğunluğu təmin etməkdir.

 

Azərbaycanda 12 illik təhsil sisteminə keçid uzun illərdir müzakirə olunur. Ancaq təhsil müddətinin artırılması ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Belə ki, 12 illik təhsilin dərs yükünün azaldılmasında rolunun olacağı qənaətində olanlar var. Ancaq bununla yanaşı, bəzi valideynlər bu təhsil sistemi ilə bağlı narahatlıqlarını bildirirlər. Onlar belə hesab edirlər ki, onsuz da 11 illik təhsili başa vuran şagirdlər belə, son 2 tərdis ilində (10-11-ci siniflərdə) məktəbə getmir, hətta getsələr belə, dərslər keçirilmir.

 

12 illik təhsil sisteminin strukturu ibtidai təhsil (I-IV siniflər) - 4 il, əsas oxu, yazı, riyaziyyat və ilkin biliklərin verilməsi. Ümumi orta təhsil (V-IX siniflər) - 5 il, əsas fənlər üzrə daha dərin biliklər, orta səviyyəli təhsil. Tam orta təhsil (X-XII siniflər) - 3 il, şagirdlər ixtisaslaşdırılmış istiqamət seçə bilirlər, humanitar, texniki, təbiət elmləri və s. Burada həm universitetə hazırlıq, həm də peşə yönümlü təhsil mümkündür.

 

Ekspertlərin fikrincə, 12 illik təhsil şagirdlərə daha geniş və dərin biliklər əldə etməyə imkan verir.  Bu, onların akademik və peşə bacarıqlarını inkişaf etdirir. Uzun müddətli təhsil şagirdlərin sosial, emosional və intellektual inkişafını dəstəkləyir. Bu təhsil sistemi şagirdləri universitetlərə daha yaxşı hazırlayır və onların ali təhsil müəssisələrində uğurla oxuma imkanı yaradır. Tam orta təhsil mərhələsində peşə yönümlü proqramlarla şagirdlər əmək bazarına birbaşa hazır ola bilirlər.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov  hesab edir ki, 12 illik təhsilə keçidlə bağlı düşünülmüş addımlar atılmalıdır: "On ildən çoxdur ki, ölkədə 12 illik təhsilə keçid məsələsi müzakirə olunur. Ekspertlər, ictimayyət nümayəndələri tərəfindən bununla bağlı müxtəlif fikirlər səsləndirilir. 12 illik təhsilin tətbiqi üçün bir neçə vacib şərt və tələblər yerinə yetirilməlidir: Birincisi, Azərbaycanda hazırda 12-ci sinifdə şagirdlərə tədris olunacaq tədris vəsaitləri varmı? 12-ci təhsil ilində lazım olacaq auditoriyalar hazırdırmı? Ən əsası 12-ci sinifdə oxuyacaq şagirdlərə daha dərin dərs tədris etmək üçün müəllimlər varmı və ya hazırlanırmı? 12 illik təhsil dövründə xüsusi müəllimlər olmalıdır. Mütləq şəkildə qeyd olunan siniflərdə təhsil alacaq şagirdlərə fənləri tədris edəcək kadrlar hazırlanmalıdır. Bütün işlər  planlı şəkildə həyata keçirilməlidir ki, sonradan hər hansı bir problemlə qarşılaşılmasın. Bütün bu tələblər yerinə yetirilərsə, onda rahatlıqla bu modelə keçilə bilər".

 

Təhsil ekspert Etibar Əliyev hesab edir ki, 12 illik təhsilə keçmək üçün hələ çox gecikmişik. Yeni təhsil haqqında qanun qəbul olunanda bu addım elə o vaxt atılmalı idi. Çünki 12 illik təhsil artıq Avropa standartlarına uyğundur.  Ona görə də bizim orta təhsil haqqında sənədimizin tanınması, məktəb proqramlarının unifikasiyası 12 illik təhsil üçün çox vacib məsələdir: “Nə qədər orta məktəblərdə təmayülləşmə prosesi aparılmayıb, repetitorluq xidməti güclənəcək. Ona görə də bütün orta məktəblərdə təmayülləşmənin tətbiqi zəruridir”.  E.Əliyev deyir ki, təmayül fənləri üzrə tədris edən müəllimlər də kifayət qədər təkmilləşməlidirlər Heç şübhəsiz ki, bu təkmilləşmə 12 illik təhsilə keçidlə bağlı daha sürətli xarakter daşımalıdır.

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun fikrincə, bu istiqamətdə əsasən dünya təcrübəsinə nəzər salmaq lazımdır: “Dünyada 100-dən çox ölkədə, xüsusilə təhsil tutumlu ölkələrin böyük əksəriyyətində orta təhsil 12 illikdir. Almaniyada 13 illik təhsildir. Ancaq aşağı olanlar da var. Məsələn, Sinqapurda orta təhsil 10 illikdir. Biz yetişməkdə olan nəsli nə qədər çox müddətə təhsilə cəlb etsək, daha effektiv olacaq. 12 illik təhsilə keçid vacibdir. Ancaq bunun üçün dərsliklər, proqramlar, infrastruktur yenilənməlidir. ABŞ-da orta məktəbin birinci səviyyəsi - ibtidai təhsil 5 il, daha sonra ümumi orta təhsil 3 il, tam orta təhsil 4 ildir. Ümumilikdə isə 12 illik təhsildir. Ancaq tam orta təhsil səviyyəsini bütün şagirdlər bitirə bilmirlər, hətta zərurət hiss edənlər üçün ali məktəbə daha yaxşı hazırlaşmaq məqsədilə 13-cü sinif dərsləri də təşkil olunur. Bu da təhsil alanlara seçdikləri ixtisasa uyğun fənlər üzrə daha dərin bilik əldə etmək imkanı yaradır. Finlandiya təhsilinə nəzər salaq. Orada I-VI siniflər baza orta təhsilin aşağı səviyyəsidir, VII-IX siniflər baza orta təhsilin yüksək səviyyəsi kimi qiymətləndirilir. IX illik baza təhsilini bitirdikdən sonra şagirdlər daha bir il - X sinif əlavə təhsil almaq hüququna malikdirlər. Bu, əlavə təhsil məzunlarının təhsilin növbəti pilləsinə daha yaxşı hazırlaşması məqsədilə həyata keçirilir”.

 

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın sözlərinə əsasən, 12 illik təhsil sistemi daha yetkin yaşda məzunlar yetişdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını da asanlaşdırır: “12 illik təhsilə keçid Azərbaycanda təhsil sisteminin inkişafı baxımından zəruri addımlardan biridir. Lakin bu keçid yalnız təhsil strukturunun dəyişməsi ilə məhdudlaşmamalı, onun məzmun və metodologiya baxımından da yenilənməsi təmin edilməlidir. Bu istiqamətdə atılacaq addımlar dərin təhlil, sistemli araşdırmalar və mütəxəssis rəylərinə əsaslanmalıdır. Dövlət strategiyası, beynəlxalq təcrübə və cəmiyyətin ehtiyacları nəzərə alınaraq, mərhələli və davamlı şəkildə bu keçid həyata keçirilməlidir. 12 illiyə keçid etmək üçün bütün təhsil pillələri və səviyyələri nəzərə alınmalıdır. Göründüyü kimi, bu sahədə dəyişikliklərə ehtiyac olduğu açıqdır. 12 illik təhsilə keçid, icbari təhsilin 16 yaşa qədər uzadılması və bununla əlaqəli sistemli dəyişikliklər geniş müzakirə və təhlil tələb edir”.

 

Mehriban Vəliyeva bildirib ki, hazırkı 11 illik təhsil sistemi ( 4+5+2 ) uşaqların 15 yaşında icbari təhsili başa vurması ilə nəticələnir: “Bu yaşda şagirdlər nə əmək bazarına, nə də tam formalaşmış bir şəxsiyyət kimi cəmiyyətə daxil olmağa tam hazır olmurlar. Beynəlxalq təcrübədə icbari təhsilin 16 yaşa qədər davam etməsi praktikası geniş yayılıb. Bu səbəbdən, 12 illik sistemə keçid Azərbaycanda da təhsilin keyfiyyətini və səmərəliliyini artırmaq baxımından real və aktual ehtiyac kimi ortaya çıxır.

 

Millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, 12 illik tədrislə təhsil daha sistemli şəkilə keçəcək: "Mən hesab edirəm ki, buna ehtiyac var. Bu gün dünyanın əksər ölkələrində 12 illik tədris tətbiq olunub. Yəni biz dünyanın bir çox ölkələrində bu təcrübəni görürük. Bu təklifi çox ciddi dəstəkləyirəm və hesab edirəm ki, bu addım atılmalıdır. Bu, həmçinin təhsili daha sistemli şəkildə təşkil etməyə imkan verəcək. Bu, eləcə də xarici ölkədə də bizim gənclərimizin təhsillərini davam etdirməsinə öz ciddi təsirini göstərəcək. Hesab edirəm ki, bu dəyişiklik önəmlidir, bu məsələyə getmək lazımdır və bu sistemlə dərs saatlarının artırılmasına imkan veriləcək. Bununla da beynəlxalq təcrübəyə keçmiş olacayıq və təhsillə bağlı bir sıra hallarda tələbələrimizin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həllinə öz müsbət təsirini göstərəcək".

 

12 illik təhsilə keçid valideynlər tərəfindən böyük narazılıqla qarşılanır. Onlar bildirirlər ki, bu valideynlərin əlavə bir il daha  məktəb ləvazimatlarına, hazırlıqlara pul xərcləməsi deməkdir. Uşaqların isə bir il daha artıq vaxt itirməsidir.

 

Valideyn Aliyə Qurbanova 12 illik təhsilə keçidə qarşıdır: “Onsuz da indiki təhsil sistemi uşaqları çox yükləyir və keyfiyyət baxımından bir çox çatışmazlıqlar var. İndi isə əlavə bir il oxumaq həm uşaqlar üçün, həm də biz valideynlər üçün əlavə vaxt və maliyyə itkisinə səbəb olacaq. Bir çox ailə bu yükün öhdəsindən gəlməkdə çətinlik çəkəcək. Əvvəlcə mövcud problemlər -müəllim çatışmazlığı, dərsliklərin keyfiyyətsizliyi və məktəblərdə infrastrukturun zəifliyi aradan qaldırılmalıdır. Sonra bu cür ciddi dəyişikliklərə keçid planlaşdırıla bilər".

 

Digər valideyn Nicat Məmmədovun dediyinə görə, 12 illik təhsilə keçid  orta gəlirli ailələr üçün əlavə yük deməkdir: “Bu, həm maddi baxımdan, həm də psixoloji baxımdan ailəmizə əlavə gərginlik yaradar. Misal üçün, məktəb forması, dəftərxana ləvazimatları, dərs vəsaitləri onsuz da hər il bizi çətin vəziyyətə salır. Əlavə bir il bunları bir dəfə də almaq deməkdir. Bəzi məktəblərində sinif otaqları kifayət qədər deyil, dərs cədvəlləri uyğunlaşdırıla bilmir. Müəllim çatışmazlığı problemi də var – bəzi fənlərdən uşaqlara ya repetitor tutmalı olurlar. Əks təqdirdə uşaqlar keyfiyyətsiz tədris alırlar. Bu vəziyyətdə sadəcə illərin sayını artırmaqla problemi həll etmək mümkün deyil. Eyni zamanda, bu qərarın çox qısa zamanda verilməsi və kifayət qədər maarifləndirmənin aparılmaması da valideynlər arasında çaşqınlıq yaradıb. Düşünürəm ki, bu keçidə başlamazdan əvvəl geniş ictimai rəy öyrənilməli, sosial dəstək mexanizmləri hazırlanmalı və məktəblərin fiziki və kadr bazası gücləndirilməli idi. Əks halda, bu dəyişiklik faydadan çox zərər gətirə bilər".

 

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə əsasən, Azərbaycanda 12 illik tədris sisteminə keçid edəcək. Hazırda bu məsələ ciddi müzakirə olunur: “Elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir. Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir”.

 

Nərmin Qarazadə

Seçilən
0
azedu.az

1Mənbələr