Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr əsasən yaz-yay aylarında müşahidə olunur.
Hacıqabul rayonunda yağan intensiv yağışlar nəticəsində Udullu kəndi, Muğan qəsəbəsi və digər ərazilərdə həyətyanı sahələrin müvəqqəti subasması qeydə alınıb. Bununla bağlı ADSEA-nın nümayəndələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Ərazilərə cəlb olunmuş maşın-mexanizmlər və işçi qüvvəsi vasitəsilə fəsadlar operativ şəkildə aradan qaldırılıb. Çaylarda məcratənzimləmə işləri aparılıb, bəndlər möhkəmləndirilib və sahilbərkitmə tədbirləri görülüb.