AZ

Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəs və tarixi missiyadan müasir strategiyaya



Azərbaycanın müasir tarixində elə bir şəxsiyyət var ki, onun adı ilə yalnız siyasi iradə deyil, dövlətçilik təfəkkürü, milli ruh, strateji zəkâ və sabaha olan inam bağlanır. Bu şəxsiyyət – ümummilli lider, görkəmli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevdir. Onun dövlətçilik fəlsəfəsi təkcə bir idarəetmə modeli deyil, həm də azərbaycançılıq ideologiyasına söykənən və tarixi bir missiyadan doğan strateji xəttdir. Məhz bu fəlsəfə sayəsində Azərbaycan müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi və gələcəyə inamla addımladı. 1969-cu il – Azərbaycan tarixində bir dönüş nöqtəsi oldu. Bu tarixdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bu hadisə sadəcə kadr dəyişməsi deyildi – bir epoxanın başlanğıcı idi. Bu, Azərbaycanın sosial və intellektual həyatında dirçəliş mərhələsinə keçidin siqnalı idi. O dövrdə elmə, təhsilə, milli kadrlara və gələcəyin liderlərinə göstərilən diqqət, əslində, gələcək dövlətçiliyin təməl daşlarının qoyulması idi. Sovet sistemində mərkəzdən kənarda qalan, iqtisadi və mədəni baxımdan geri salınmış Azərbaycan Heydər Əliyevin gəlişi ilə öz gücünü kəşf etməyə başladı. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil aldı. Bu gənclər – müasir Azərbaycanın idarəetməsində, iqtisadiyyatında, təhlükəsizliyində və diplomatiyasında əsas rol oynayan elit kadrlar oldular. Bu, planlı şəkildə həyata keçirilən milli intellektual potensialın formalaşması prosesi idi. Dövlətçilik üçün peşəkarlıq və vətənpərvərlik vəhdəti Ulu Öndərin idarəçilik fəlsəfəsinin əsas sütunlarından biri idi. Yeni Azərbaycan Partiyasının yaradılması isə qurtuluşdan strategiyaya gedən yol oldu. 1990-cı illər dövlətçiliyin sınağa çəkildiyi, anarxiyanın hökm sürdüyü, xalqın sabaha ümidsiz baxdığı bir dövr idi. Məhz bu ağır günlərdə xalqın ürəyindən gələn çağırış – Naxçıvanda Heydər Əliyevə ünvanlanan tarixi müraciət yeni bir səhifənin başlanğıcına çevrildi. Bu çağırışa cavab olaraq yaranan Yeni Azərbaycan Partiyası (YAP) qısa zamanda siyasi meydanda bir ümid işığına çevrildi. Ulu öndər Heydər Əliyev bu partiyanı yalnız siyasi qüvvə kimi deyil, xalqın iradəsini ifadə edən milli platforma kimi qurdu. Ulu Öndər deyirdi: “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. O, vətəndaşların inamı üzərində qurulub.” Bu ifadə YAP-ın siyasi fəlsəfəsini tam əks etdirir. YAP yalnız bir partiya deyildi – o, xalqla dövlət arasında körpü, vətəndaş cəmiyyəti ilə hüquqi dövlət arasında bağ idi. Demokratik seçkilərin təşkili, Konstitusiyanın qəbulu, parlament institutlarının formalaşması və hüquqi islahatlar YAP-ın hakimiyyətdə olduğu dövrdə həyata keçdi. Əslində, bu partiya siyasi sabitliyin, idarəetmədə davamlılığın və milli iradənin institutlaşmış ifadəsi oldu. Sabitlik olan yerdə isə inkişaf mütləqdir. Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində sabitlik – ən yüksək dəyər idi. Çünki sabitlik olmayan yerdə nə iqtisadi inkişaf mümkündür, nə də demokratik institutların formalaşması. Onun tez-tez təkrar etdiyi bir fikir var idi: “Sabitlik olmayan yerdə nə azadlıq olar, nə demokratiya, nə də inkişaf.” Bu, sadəcə bir ifadə deyildi – bu, idarəetmənin qızıl qanunu idi. Məhz sabitlik əsasında həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı. Ulu Öndər Azərbaycanın BMT, ATƏT, İƏT və GUAM kimi beynəlxalq təşkilatlarda fəal iştirakını təmin etdi. Onun diplomatik səyləri Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq müstəvisində tanınmasını və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin qazanılmasını təmin etdi. Bu gün biz “Qarabağ Zəfəri”nin hüquqi-siyasi əsaslarını həmin dövrdə atılan addımlarda görürük. Beləcə də iqtisadi dirçəlişdən ordu quruculuğuna yol başladı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatı təkcə inkişaf etmədi, həm də sistemli şəkildə yenidən quruldu. “Əsrin müqaviləsi” adlanan tarixi neft sazişi ölkəyə milyardlarla xarici sərmayə gətirdi. Özəlləşdirmə prosesi, sahibkarlığın təşviqi, iqtisadiyyatın şaxələndirilməsi onun əsas prioritetləri sırasında idi. Lakin o, iqtisadi artımı yalnız rəqəmlərlə ölçmürdü. Sosial müdafiənin gücləndirilməsi, vətəndaş rifahının təmin edilməsi onun üçün iqtisadi siyasətin mənəvi dayaq nöqtəsi idi. Ordunun mütəşəkkil şəkildə formalaşdırılması isə Heydər Əliyevin dövlətçilik strategiyasının digər əhəmiyyətli qolu idi. Onun “güclü ordu, güclü dövlət” tezisi bu gün də öz aktuallığını saxlayır. Silahlı Qüvvələrin formalaşması, milli təhlükəsizlik doktrinasının yaradılması, hərbi peşəkarlığın artırılması istiqamətində atılan addımlar bu gün Azərbaycanın qələbələrinin təməlində duran əsas amillərdəndir. Qürurla demək olar ki, biz Ulu öndər Heydər Əliyev irsinin zəfər mərhələsini yaşayırıq. Bu gün cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir Qarabağ Zəfəri, Böyük Qayıdış proqramı, regionun lider dövlətinə çevrilmək istiqamətində atılan qlobal təşəbbüslər bir daha göstərir ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bu gün yeni mərhələyə qədəm qoyub. Bu mərhələ – zəfər mərhələsidir. Ulu öndər Heydər Əliyev irsi Azərbaycan xalqı üçün dövlətçilik məktəbi, inkişaf modeli və sabitliyin rəmzidir. Onun mirası təkcə tarix deyil, gələcəyə uzanan yol xəritəsidir.

Səbuhi Əbilov
Bakı Dövlət Universitetinin tələbəsi, YAP Nəsimi rayon təşkilatının fəal üzvü




Seçilən
0
aia.az

1Mənbələr