AZ

"Hündürmərtəbəli evlərin tikintisi dayandırılmalıdır” - AYDINLIQ GƏTİRİLDİ

“Torpaq sürüşmələri dağıdıcı, sənaye müəsisələrinə, kənd təsərrüfatına, yol infrasturukturuna, əkin sahələrinə ciddi ziyan verən təbii fəlakət sayılır. Ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi torpaq sürüşməsidir". Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, yağış sularının hopub keçirməyən qatın üzərində yığılması sürüşmə əmələ gətirir: "Sürüşmə eroziya, aşınma, seysmik hadisələr və digər təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan aparılan tikinti işlərinin təsiri ilə yaranır. Torpaq sürüşmələrinin əsas səbəbi təbii geoloji proseslər və insan faktorudur. Statistik məlumatlara görə, torpaq sürüşmələrinin 80 faizinin səbəbi antropogen təsirlərlə bağlıdır. Aktivliyinə, miqyasına, sürüşmə prosesinin gücünə görə, iri, orta və xırda sürüşmələr var. İri sürüşmələr, adətən, təbii amillərin təsirindən baş verir. Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və insan fəaliyyətinin nəticəsində ortaya çıxır.

Azərbaycan ərazisində 100-ə yaxın sürüşməyə meylli zona müəyyən edilib. Qeyri dayanıqlı relyefə malik və zəif süxürlardan təşkil olunmuş geoloji mühitlərdə sürüşmə halları daha çox baş verir".

Elman Cəfərli qeyd edir ki, ölkəmizin ərzisində zaman-zaman fəallaşan sürüşməyə meylli zonalar Lənkəran, Lerik, Astara, Yardımlı bölgəsi, Abşeron yarımadası, Şamaxı-İsmayıllı və Quba-Qusar-Şabran zonalarında qeydə alınıb: "Şəki-Zaqatala zonasıda lokal sürüşmə zonaları müəyyən edilib. Naxçıvan Muxtar Respublikası ərazisində də bir neçə ərazi sürüşmə zonaları xəritəsinə daxil edilib.

Torpaq sürüşməsinin qarşısını almaq üçün istinad divarları qurulmalı, sürüşməyə meyilli sürüşmə kütləsinin səthi hamarlanmalı, maililik azaldılmalı, sürüşmə zonasında yüklənmənin qarşısı alınmalı, yamaclar bərkidilməlidir. Bunun üçün yamaclar yerə dirək vurulur, ağaclar əkilir.

Son illər Bakı və Abşeron yarımadasında geniş miqyasda tikinti işləri aparılıb. Bəzənişbazlar sürüşməyə meylli ərazilərdə də göydələnlər tikirlər. Bu, yolverilməzdir. Ümumiyyətlə, Bakı şəhəri ərazisində hündürmərtəbəli evlərin tikintisi dayandırılmalıdır”.

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
0
sia.az

1Mənbələr