AZ

Müsəlman ölkələri proseslərə seyrçi qalmamalıdır



44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycana ilk dəstək verən ölkələrdən biri olan dost və qardaş Pakistanın ötən gecə yenidən Hindistanın hücumlarına məruz qalması xəbərini hər birimiz böyük üzüntü ilə qarşıladıq. Hindistanın "Sindoor" əməliyyatı çərçivəsində Pakistanın nəzarətində olan ərazilərə endirdiyi raket zərbələri nəticəsində azı 26 nəfər həlak olub, 46 nəfər yaralanıb. Pakistan isə öz növbəsində bu hücumları “müharibə aktı” adlandıraraq, Hindistanın 5 qırıcı təyyarəsini vurduğunu və əlavə cavab tədbirləri gördüyünü açıqlayıb.
Bəli, çox təəssüf ki, Hindistan və Pakistan arasında gərginlik yenidən açıq silahlı münaqişəyə çevrildi və “müharibə aktı” adlandırılacaq müstəviyə keçdi. Bu gedişlə önümüzdəki günlərdə hər iki tərəfdə mülki və hərbi itkilər artmağa davam edəcək. Hindistan ilə Pakistan arasındakı gərginliyin açıq savaş müstəvisinə keçməsi şübhəsiz ki, Azərbaycanın da narahatlığına səbəb olur. Çünki Azərbaycan və Pakistan arasında münasibətlər həm siyasi, həm də mənəvi-emosional baxımdan çox güclüdür. Bizim bu ölkənin xalqına və dövlətinə vəfa borcumuz var. Ermənistanın müstəqilliyini hələ də rəsmi olaraq tanımayan Pakistan İslam Respublikası Türkiyə ilə birlikdə İkinci Qarabağ müharibəsində Azərbaycana açıq dəstək nümayiş etdirib, haqq işimizi müdafiə edib.
Strateji tərəfdaşımız və müttəfiqimiz olan Pakistanı bugünkü kritik durumda dəstəkləmək mənəvi borcumuzdur. Bu mənada Azərbaycanın ötən axşam Pakistana qarşı baş vermiş hücumlara dərhal reaksiyaya verərək narahatlığını bildirməsi, Pakistan xalqı ilə həmrəy olduğunu bəyan etməsi və günahsız qurbanların ailələrinə başsağlığı verməsi təqdirəlayiq addımdır. Fransa və İranla əlbir olaraq Ermənistanı silahlandırmağa davam edən Hindistan kimi təxribatçı bir ölkənin Pakistana hücumlarını bütün müsəlman ölkələri pisləməli və birlik nümayiş etdirməlidirlər. Müsəlman həmrəyliyi məhz belə məqamlarda özünü açıq göstərməlidir. Çünki bu gün Hindistanla Pakistan arasında yaşanan qarşıdurma sadəcə iki ölkə arasında lokal sərhəd münaqişəsi deyil. Bu, həm də qlobal geosiyasi maraqların toqquşmasıdır. Ona görə də müsəlman ölkələri proseslərə seyrçi qalmamalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
0
1
newscenter.az

2Mənbələr