AZ

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara çağırış edib

Ötən il Bakıda yol qəzaları zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub

Bakı, 7 may, AZƏRTAC

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən qəza hər bir piyada üçün pis nümunədir. Müşahidələr göstərir ki, piyada qismində olan bəzi valideynlər özləri ilə yanaşı, övladlarının da həyatını təhlükəyə atırlar. Təəssüflər olsun ki, belə olan hallarda qəzaların, xüsusilə də uşaqların və valideynlərin ölümü və yaxud xəsarətilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov söyləyib. O bildirib ki, müşahidə kameralarının qeydə aldığı bu cür yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi olaraq ictimailəşdirməkdə məqsəd yol hərəkəti iştirakçılarını maarifləndirməkdir: “Məsələn, ötən il paytaxt yollarında 240 piyadanı avtomobil vurub. Bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə yol qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb. Qəzaların başvermə səbəbləri isə eynidir; nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək, yol nişanlarının tələblərinə diqqət göstərməmək, bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi, bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi, piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s.”.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırırıq. Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir”, - deyə Ö.Xıdırov əlavə edib.

Seçilən
0
13
azertag.az

3Mənbələr