BAKI, 7 may. TELEQRAF
Ermənistanda orduda həqiqi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklif olunur. Hərbi xidmət və hərbi qulluqçunun statusu və dövlət rüsumu haqqında qanuna, həmçinin Ermənistan cinayət məcəlləsinə əlavələrin ediləcəyi proqnozlaşdırılır. Eyni zamanda, xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına kimi vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi də gündəmdədir. Bu təşəbbüsdə məqsəd çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaq olduğu deyilir.
Mövzu ilə bağlı Teleqraf-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu amilin Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı ilə bağlı olduğunu deyib.
Ekspert hesab edir ki, 44 günlük müharibədəki məğlubiyyətdən və 2023-cü ilin antiterror tədbirlərindən sonra erməni cəmiyyəti apatiya içərisindədir: “Xarici ölkələrə köç etməyə meylli olan erməni cəmiyyəti sabaha ümidi qalmadığı üçün ordu sıralarına qatılmaqdan müxtəlif üsullarla boyun qaçırır. "Sülh yoxdursa, savaş qaçılmazdır" amili onları seçim qarşısında qoyur və çıxış yolu kimi qeyri-müəyyənlikdən xilas olmağın yolunu Ermənistanı tərk etməkdə görürlər. Fakt bu gün erməni gənclərininin vətəndaşlıqdan çıxıb başqa ölkələrlə getməsi o dərəcədə kütləvi hal alıb ki, hökumət bunun qarşısını almağın axtarışındadır. Bunun üçün də vətəndaşlıqdan imtina edənlər üçün 40 min dollar rüsum müəyyənləşdirilib. Sözsüz ki, kasıb ölkənin vətəndaşlarının əksəriyyəti bu məbləği ödəyə bilməyəcəyini hökumət də yaxşı bilir”.
Üzeyir Cəfərovin fikrincə, Ermənistanda Azərbaycan Ordusunun nümunəsində tətbiq edilən müddətdən artıq hərbi qulluqçularla bağlı yeni sistemə keçmək haqqında düşünürlər: “Bu yaxınlarda Ermənistanın müdafiə naziri Yunanıstana səfər etdi. Eyni zamanda, onlar Fransa, Hindistan və Cənubi Koreyadan hərbi vasitələr və müxtəlif məhsullar idxal edir. Bu proses iki ilə yaxındır ki, gedir. Ordudakı xidmət yaşının artırılması da onların hədəflərini göstərir. Sözsüz ki, çağırış yaşının 37-yə çatdırılması ordunun şəxsi heyətini komplektləşdirmək üçün nə dərəcədə çıxış yolu ola biləcəyi də suallar yaradır. Çünki orduya cəlb etməyə şəxsi heyət yoxdursa, yaş həddinin artırılıb-artırılmaması o qədər də önəm kəsb etmir”.