AZ

Qurban Qurbanovun xüsusi planla hazırlaşdırdığı istedad - Qarabağ"da debüt edən 15 yaşlı futbolçu

Növbəti çempionluğunu rəsmiləşdirən "Qarabağ"ın "Sumqayıt" üzərində ev qələbəsini sıradan hal kimi qəbul etmək olardı. Əgər oyunun sonlarında meydana Amin Rzayev girməsəydi! 15 yaşlı futbolçunun "Qarabağ"da debüt etməsi gündəm oldu, hadisəyə çevrildi. 

Amin Rzayev artıq bir ilə yaxındır ki, "Qarabağ"ın əsas heyəti ilə məşq edir. Amma Qurban Qurbanov Amini digər futbolçuların gözünə qatmır, onu xüsusi planla hazırlaşdırır. Komanda üzvlərinə verilən elə yükləmələr, elə təmrinlər var ki, yaşı nəzərə alınaraq, Aminə verilmir. "Qarabağ"ın fiziki hazırlıq məşqçiləri, fizioterapevtlər 15 yaşlı futbolçu ilə fərdi proqram üzrə çalışırlar. 

Ümumiyyətlə Azərbaycan futbolunda ən ciddi problemlərdən biri də gənclərin akademiyalarda düzgün güc təməli almamasıdır. Güc təməlinin bünövrəsi uşaqların 14-15 yaşı olanda qoyulmalı olsa da, akademiyalarda bunu edəcək yüksək səviyyəli fiziki hazırlıq məşqçiləri yoxdur. 

Məhz bunu nəzərə alıb deyə bilərik ki, Amin Rzayevin "Qarabağ"ın əsas komandası ilə məşq eləməsi onun düzgün inkişaf etməsi üçün fürsətdir. O, aşağı yaş qrupları üzrə milli komandaların düşərgəsində də olur,  "Qarabağ"ın U-17 və U-19 komandalarında oyunlarda da iştirak edir. Buna rəğmən Qurban Qurbanov həftədə heç olmasa 3 dəfə onu əsas komanda ilə məşqlərə cəlb eləyir. 

Amin Rzayevin Qurban Qurbanovun marağına səbəb olması təsadüfi deyil. Sol cinah müdafiəçisi olan istedad bir çox keyfiyyətlərdə həmyaşıdlarından fərqlənir. Mütəxəssislərin verdiyi rəyə görə, Amin bəzi göstəricilərdə avropalı həmyaşıdları ilə də müqayisə oluna bilər. 

İstedadı var, yaxşı məşqçinin əlinə düşüb, ölkənin ən güclü komandasında məşq edir. Bir gəncə bundan artıq nə lazımdır? Hər şey Aminin öz əlindədir! 

Həmid

 

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr