BAKI, 7 may. TELEQRAF
Avropa İttifaqı hər ay Rusiya enerji resurslarına 1,8 milyard avro xərcləyir və bu, dayandırılmalıdır. Ukraynaya dəstək məqsədilə Rusiya qazından imtina zəruridir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Strasburqda Avropa Parlamentinin sessiyasında çıxışı zamanı bildirib.
O, 2021-ci ildə Avropa İttifaqının Rusiya enerji resurslarına ayda 13 milyard avro xərclədiyini xatırladaraq, Avropa Komissiyasının Aİ ölkələrinin Rusiyadan neft və qaz tədarükünə qayıtmasına heç vaxt icazə verməyəcəyini bildirib.
Qeyd edək ki, Mayın 6-da Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Aİ ölkələri üçün Rusiya qazı və nüvə yanacağına tam qadağa qoyulmasını nəzərdə tutan ikinci planını təqdim edib. Rusiya Federasiyasının Aİ yanındakı daimi nümayəndəliyi cavab olaraq vurğulayıb ki, Brüsselin bu qeyri-bazar tədbirləri Avropa İttifaqı ölkələrinə daha böyük zərər vuracaq.