AZ

Türkiyənin müdafiə gücünə yeni təkan

BAKI, TurkicWorld

Türkiyə 2026-cı ildə dörd “Air SOJ” elektron müharibə təyyarəsi alacaq.

TurkicWorld xəbər verir ki, Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan “Air SOJ” adlı hava elektron müharibə təyyarələrinin ilk partiyası 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

Layihə çərçivəsində ümumilikdə 4 ədəd xüsusi təyinatlı təyyarənin istehsalı nəzərdə tutulur.

TUSAŞ və ASELSAN-ın birgə həyata keçirdiyi proqram düşmənin hava hücumundan müdafiəsini zəiflətmək, rabitə sistemlərini və radarlarını aşkarlamaq, təsnif və təhlil etmək, həmçinin bu sistemləri sıradan çıxarmaq məqsədi daşıyır. Təyyarələr həm hava, həm quru, həm də dəniz platformalarından yayımlanan siqnalları analiz etmə qabiliyyətinə malik olacaq.

Elektron müharibə sistemləri vasitəsilə düşmənin radar və rabitə şəbəkələrini sıxışdıraraq dost qüvvələrin təhlükəsiz fəaliyyətini təmin etməyi hədəfləyən təyyarələr eyni zamanda Planlaşdırma və Təlim Mərkəzi ilə koordinasiyada fəaliyyət göstərəcək və uzaqmənzilli aşkarlama və tıxanma missiyalarını icra edəcək.

Qeyd edək ki, 2018-ci ilin avqustunda başlayan Air SOJ Layihəsi Türkiyə Silahlı Qüvvələrinin müasir elektron müharibə imkanlarını gücləndirmək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində istehsal olunacaq təyyarələr sərhədyanı əməliyyatlarda düşmənin rabitə və xəbərdarlıq sistemlərini zərərsizləşdirmək üçün strateji rol oynayacaq.

Seçilən
0
turkic.world

1Mənbələr