“Dəniz boru kəməri quru yolundan daha bahalıdır. Lakin Türkiyə boru kəmərinin tikintisi üçün gölün şimal hissəsindən, yəni daha dayaz hissəsindən istifadə etməyi planlaşdırır”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri İran neft nazirinin sabiq müavini Seyid Mehdi Hüseyni deyib.
O bildirib ki, Çinin hazırda həyata keçirdiyi layihədə İran yoxdur. “İndi Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çindən Pakistanın cənubundakı Qvadar limanına, Türkmənistana və Xəzər dənizinə qədər bir yol layihəsi həyata keçirir. Lakin İranın Çabahar limmanı belə bu marşruta əlavə olunmur. Bu artıq bizim üçün həyəcan siqnalı və narahatlıq doğurur”.
Hüseyni müavin olduğu zamanlarda təklif etdiyi məsələlərdən də danışıb. O deyib ki, Azərbaycanın həyata keçirdiyi layihələrə qoşulmamaqla İran ciddi səhvə yol verib. “O vaxt mən məsələ qaldırmışdım ki, biz Türkmənistanın bütün qazını idxal edək. Paralel olaraq həm Azərbaycan qazını idxal edək, həm də Azərbaycanın şimal boru xəttini birləşək. Amma buna məhəl qoyulmadı”.
Keçmiş nazir müavini qeyd edib ki, hazırda Xəzərin qərbində Türkmənistanla yanaşı, Azərbaycan da dəhliz məsələsində çox fəallaşıb. “Faktiki olaraq, Xəzər neftinin Türkiyəyə və Çanaqqala boğazından Avropaya ixracı üçün Bakı-Ceyhan xətti gedir. Bakı-Ərzurum qaz kəməri də mövcudur. Bunun gələcəkdə sayının artacağı da istisna deyil”.
Hüseyni sovet dönəmində Azərbaycanla qaz kəmərlərinin olduğunu da xatırladıb. Onun sözlərinə görə, İran bu kəmərdən də səmərəli istifadə etməyib. “Keçmiş Sovetlər İttifaqı dövründə bizim qaz kəmərimiz var idi, Azərbaycanla birləşirdi. Bu gün həmin kəmər işləmir. Ondan istifadə etmədik. Əgər o imkandan yararlansaydıq, bu gün İranın şimal əyalətlərinin qaza olan təlabatında zərrə qədər sıxıntı yaşamayacaqdıq”.
Fərda Uğur